İki aya uşaqların pulsuz müayinə və müalicəsinə başlanılacaq

10 Aprel 2013 12:55 (UTC+04:00)

"Azərbaycan Respublikasında uşaqların icbari dispanserizasiyası haqqında " qanunun iki aya icrasına başlanılacaq. Bu sözləri Movqe.az-a açıqlamasında ölkənin baş pediatrı Nəsib Quliyev söyləyib. N.Quliyev ölkə prezidenti tərəfindən təsdiqləndikdən sonra bu qanunun Nazirlər Kabinetinə göndəriləcəyini söylədi: "Hər birimiz bu qanunun icrasını səbirsizliklə gözləyirik. Yəqin ki, iki aya qanunun icrasına başlanılar. Vəsait ayrıldıqdan sonra uşaq polikilinikalarında qanunda nəzərdə tutulduğu kimi, müayinələrin aparılması üçün tibbi avadanlıqlar quraşdırılar, uşaqların dispanserizasiyası üçün tam hazır vəziyyətə gətirilər. Bundan sonra ölkə üzrə uşaqların icbari dispanserizasiyasına başlanılar. Qanunda da göstərilib ki, iş təkcə müayinə ilə bitməyəcək. Yəni hər hansı xəstəlik aşkarlanan uşağın xəstəliyinin dərhal müayinəsinə başlanılacaq. Mən deyərdim ki, məhz bu, yəni uşaqların müayinəsi ilə yanaşı müalicəsinin də aparılmasının qanunda öz əksini tapması gələcəyimiz olan uşaqların sağlamlığının mühafizəsi yönündə atılmış mühim addımdır. Əgər valideyn uşağını müayinə etdirib onda hər hansı xəstəliyin olduğunu bilsə də müalicəsini etdirə bilmirdisə, bu qanun hər iki xeyirxah işi dövlətin öz üzərinə qoyur. Yəni dövlət öz kiçik vətəndaşının sağlamlığına biganə yanaşmır. İndi elə valideynlər var ki, uşağını vaxtlı-vaxtında tibbi müayinələrdən keçirmir. Bu isə uşaqlarda yaranan xəstəliklərin erkən dövrdə aşkarlanmamasına gətirib çıxardır. Amma yeni qanun səhiyyə işçiləri ilə yanaşı, valideynlərin də məsuliyyətini artıracaq. Mən ölkənin baş pediatrı kimi bu qanunun qəbuluna sevinirəm və hər bir valideyn kimi icrasını səbirsizliklə gözləyirəm. Hesab edirəm ki, bu ölkə başçısı İlham Əliyevin Azərbaycanın gələcəyi olan uşaqların sağlamlığının mühafizəsi yönündə gördüyü ən mühim tədbirlərdən biridir".