Səlim Müslümov: Yaxın aylarda pensiyaların baza hissəsi artırılacaq

10 Aprel 2013 17:13 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə yaxın aylarda pensiyaların baza hissəsi artırılacaq. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Xaçmazda sakinlərlə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

S.Müslümov aprelin 10-da Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinləri üçün qəbul keçirib. Vətəndaşların qəbulu DSMF-nin Xaçmaz rayon şöbəsində aparılıb. Ətraf rayonlardan görüşə gəlmiş sakinlər üçün müvafiq nəqliyyat vasitəsi ayrılıb. Vətəndaşlar, əsasən, pensiyaların hesablanması və stajla bağlı müraciət ediblər. Bir sıra sakinlər müvafiq arxivlərin olmaması səbəbindən keçmiş Sovet dövründə kolxoz və sovxozlarda işlədikləri müddətin stajda hesablanmamasından şikayət ediblər.

Qəbul zamanı 40-dan artıq vətəndaş dinlənilib, onların problemləri ilə bağlı dərhal müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. DSMF sədri bildirib ki, pensiyaların baza hissəsinin artırılması ilə bağlı fondun göstəriciləri yüksəlib, artıq pensiyaların gecikdirilməsi halları tamamilə aradan qaldırılıb.

"Belə olan halda pensiya artımlarının maliyyələşdirilməsi üçün kifayət qədər məbləğimiz var və yaxın bir neçə ayda bu məbləğ tamamilə formalaşacaq. Bu da pensiyaların baza hissəsinin artırılması məqsədilə dövlət başçısına mürəciət etmək üçün şərait yaradır. Bütün hesablamalar göstərir ki, bir neçə aya pensiyaların baza hissəsinin artırılması realdır", - o deyib.

Qeyd edək ki, DSMF sədri Səlim Müslümov aprelin 11-də saat 10:00-da fondun Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinləri üçün qəbul keçirəcək.