MTRŞ sədri: "Televiziya kanalları xaricdən alınan cizgi filmlərini nümayiş etdirməklə işlərini bitmiş hesab edirlər"

10 Aprel 2013 17:22 (UTC+04:00)
MTRŞ sədri Nuşirəvan Məhərrəmli Mövqe.az-a  bildirib ki, qurum tərəfindən uşaqlarla bağlı cizgi filmlərinin çəkilməsi ciddi şəkildə qaldırılacaq.

"Azərbaycan telekanallarında uşaq verilişləri ilə bağlı vəziyyət ürəkaçan deyil. Bizim uşaqlar xarici cizgi filmləri əsasında tərbiyə alırlar. Bu yolverilməzdir, bu məsələyə baxılacaq", - o deyib.

Şura sədri bu məsələ ilə bağlı dövlət başçısına müraciət ünvanlanacağını da istisna etməyib.

"Hər televiziya kanalı ildə bir dəfə cizgi filmi çəksə, 5 ildən sonra bizim 50-yə yaxın cizgi filmimiz olar. Təəssüf ki, televiziya kanalları xaricdən alınan cizgi filmlərini nümayiş etdirməklə işlərini bitmiş hesab edirlər", - o deyib.

Cizgi filmlərinin hazırlanması üçün multiplikatorların azlığı ilə bağlı Məhərrəmli bildirib ki, əgər kadr potensialı yoxdursa, telekanallar onların hazırlanmasına fikir verməlidirlər.