Baş onkoloq ittihamlara cavab verdi-Eksklüziv

10 Aprel 2013 19:02 (UTC+04:00)
Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli mətbuatda son günlər Milli Onkologiya Mərkəzinə, eləcə də Azərbaycanın onkologiya sahəsinə qarşı türkiyəli cərrah Hamdi Koçer tərəfindən səsləndirilən ittihamlara cavab verib. Bu barədə Movqe.az-a eksklüziv olaraq danışan ölkənin baş onkoloqu vaxtıilə Azərbaycanda özəl klinikalarında çalışmış Hamdi Koçerin səsləndirdiyi fikirlərin faktlara əsaslanmadığını, Azərbaycanda onkologiya sahəsində  güclü mütəxəssislərin çalışdığını söyləyib: "Bakıda işləyən türkiyəli həkimdən dəhşətli faktlar" sərlövhəli  məqaləni oxuyub elə mən özüm dəhşətə gəldim. Burada heç bir fakt ortaya quyulmayıb. Türk həkimin dilindən çıxanlar öz təsdiqini tapmamış onu fakt kimi qəbul etmək gülüncdür.  Fakt öz təsdiqini tapmalıdır. Bu məqalədə yazılanlar isə cəfəngiyyatdır. Məqalədə  Hamdi Koçerin telekanallar vasitəsilə Azərbaycan xalqını marifləndirdiyi bildirilir. Bu bizim telekanalların nöqsanıdır ki, savadlı-savadsız xaricdən gələn bütün həkimləri reklam xətrinə ekrana çıxardırlar.  Telekanallar pul qazanmaq xətrinə bəzən xaricdən özəl klinikalara üz tutan həkimləri ekrana çıxardaraq, əhaliyə yalnış məlumatların ötürülməsində vasitəçi rolunu oynayırlar. Azərbaycanda onkoloji xəstələrə yaradılmış şərait avropa məkanında üç-dörd yerdə var.   Hamdi Koçerin  "Ya əməliyyatlarını gəlib bizim xəstəxanada et, ya da xəstələrini Türkiyəyə apar orada əməliyyat et, biz burada müalicəni davam edərik" ifadəsi ağ yalandır. Əksinə bu gün qonşu ölkələrdən bizə onkoloji xəstələr elə ağır vəziyyətdə müraciət edirlər ki, biz onları vəziyyətdən güclə çıxardırıq. Maraqlıdır, Hamdi Köçer elə ünlü həkimdirsə niyə öz yorğan döşəyini atıb Azərbaycana gəlib. Bəllidir ki, xarici ölkələrdə tanınmış, peşəkar cərrahların qəbuluna yazılmaq üçün növbələr olur.  Əgər Hamdi Koçer belə güclü mütəxəssisdirsə, niyə Türkiyədə öz xalqına xidmət etməkdən imtina edib Azərbaycanda fəaliyyətini davam etdirməyə üstünlük verib? Azərbaycan xalqını öz millətindən üstün tuturmu? Əsla yox. Buna camaatın cibinə girmək adı vermək olar.  Çox təəssüf ki, bəzən xəstələr Hamdi Koçer kimilərinin yalan vədlərinə aldanaraq bir ətək pul töküb Türkiyəyə və sair ölkələrə müalicə üçün üz tuturlar. Amma iki-üç dəfə gedib-gəldikdən sonra müalicənin effekt vermədiyini görüb yenə öz yerli mütəxəssislərimizə müraciət etmək məcburiyyətində qalırlar. Biz belə xəstələri vəziyyətdən çox çətinliklə çıxardırıq. Düzdür Türkiyədə güclü, işinin peşəkarı olan dünyaca ünlü olan həkimlər, cərrahlar var. Amma onlar öz ölkələrində oturub işləyirlər. Başqa ölkələrə gedib xəstə axtarmırlar. Çünki onlar artıq özlərini təsdiqləyiblər.  Hamdi Koçer iddia edir ki, güya bizdə onkoloqlar onkoloji xəstələri tibbi göstəriş olmadan əməliyyat edirlər. Biz o qədər başımız itirmişik ki, tutub xəstələri lazım oldu-olmadı kəsib əməliyyat edək? Hamdi Koçer süd vəzi sahəsinə baxdığından, bu xəstəlikdən əziyyət çəkən qadınların süd vəzilərini itirmək qorxusundan istifadə edir. H. Koçer bizim Mərkəzdə də leksiya oxuyub. O vaxt bizim süd vəzi üzrə onkoloqlarımız onu sual-cavabla yerində otuzdurdular. 2010-cu ildə Hamdi Koçer televiziya kanallarının birində reklam xarakterli proqramların birinə dəvət almışdı. O, efirdən bəyan etdi ki, əgər süd vəzi xərçənginin ölçüsü 2 sm-ə qədərdisə ancaq əməliyyat etməklə, yəni, süd vəzini tamamilə götürmədən, yalnız şişlə əhatə olunmuş hissəsinin götürərək ona kimya terapiya, şüa müalicəsi aparılmamalıdır. Onun bu fikri tamamilə yalnışdır.  Əslində bu şişin histoloji quruluşundan asılı olaraq və bioloji xüsusiyyətlərindən aslı olaraq müəyyənləşdirilir. Süd vəzində sadəcə cərrahi müalicə yol verilməzdir.  Belə xəstələrə şüa terapiya, kimyaterapiya və hormono terapiyanın aparılması vacibdir. H. Koçer Milli Onkologiya Mərkəzində bizim həkimlərə süd vəzilərinin müalicəsi ilə bağlı leksiya oxuyanda, həkimlərimizdən biri ona sual verdi ki,  süd vəzi xərçənginin ölçüsü 2 sm olan qadının süd vəzini itirməməklə, eyni zamanda xəstəyə kimya terapiya, şüa müalicəsi aparmamaqla neçə həyatda saxlamaq olar? H. Koçer etiraf etdi ki, bu mümkün deyil. Bu sözü efirdə reklam olunmaq üçün, çalışdığı klinikaya müştəri yığmaq üçün söyləyib.  H. Koçer bizim onkoloqları əsassız yerə xəstəni əməliyyat etməkdə suçlayır. Amma özü Arzu adlı bir xanımı 2010-cu ilin  dekabr ayının son günündə Modern Hospitalda əsassız olaraq əməliyyat edib. Həmin qadına bizim Mərkəzdə süd vəzinin ödemli infiltrativ formalı xərçəngi,  körpücük altı və körpücük üstü limfa düyünlərə metastazı diaqnozu qoyulmuşdu. Biz o xəstəni əməliyyat etməyi məsləhət bilmədik. Ona əməliyyat önü kimyaterapiya məsləhət görülmüşdü. Əməliyyat edildikdə, bu tip xəstələrin həyat səviyyəsi çox aşağı düşür,xəstənin ömrü qısalır. H. Koçer isə onu əməliyyat etmişdi. Bu əməliyyatı xəstənin körpücük altında və körpücük üstündəki  limfa düyünlərə metastaz veib-vermədiyini öyrənmədən edib.  H. Koçer bizim həkimə, Mərkəzin şöbə müdiri Samir Qurbanova etiraf edib ki, əməliyyatı xəstənin körpücük altında və körpücük üstündə limfa düyünlərində metostazın olub-olmadığı barədə məlumatlı olmadan edib. Bu faktdır. O xəstə uzun müddət Milli Onkologiya Mərkəzində təkrar müayinə edildi. Mən qeyd etmək istəyirəm ki, bu gün Milli Onkoloji Mərkəzinə Avstiyadan, Almaniyadan Amerikadan və sair ölkələrdən mütəxəssislər dəvət olunur. Bizim Mərkəz dünyanın aparıcı klinikaları ilə əməkdaşlıq edir.  Səhiyyənin inkişafı, yerli kadrları yetişdirilməsi  istiqamətində aparılan proqramın tərkib hissəsi olaraq xaricdən mütəxəssislər dəvət olunur.  Əgər H. Koçer də belə mütəxəssislərdən olsaydı biz onunla da əməkdaşlıq edərdik. Ona ölkədə işləmək üçün hansı səbəbdən icazə verilməyib, onu deyə bilmərəm. Çünki, o işlərə qarışmaq səlahiyyətimiz yoxdur. Amma onu deyə bilərəm ki, Azərbaycan səhiyyəsinə, onkoloqlarına qarşı səsləndirdiyi ittihamlar əsassız və gülüncdür".
Qeyd edək ki, H. Koçer Azadlıq qəzetinə müsahibəsində Milli Onkologiya Mərkəzinə qarşı bir sıra ittihamlar irəli sürüb.