Mehriban Əliyeva körpələr evində oldu
10 Aprel 2013 21:21 (UTC+04:00)
Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 60 və 77
nömrəli körpələr evi-uşaq bağçalarında əsaslı təmir və
yenidənqurmadan sonra yaradılmış şərait ilə tanış olub.
Azərbaycanın birinci xanımı əvvəlcə 60 nömrəli körpələr evi-uşaq
bağçasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən
fotostendlə, daha sonra isə bağçadakı şəraitlə tanış olub. Məlumat
verilib ki, 1961-ci ildə inşa edilmiş binada indiyədək heç vaxt bu
cür təmir işləri aparılmayıb. Qeyd edilib ki, "2011-2013-cü illərdə
Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair" Dövlət Proqramına uyğun olaraq burada yenidənqurma
işlərinə 2012-ci ilin martından başlanılıb. Bağçada 2-6 yaş arası
75 uşağın təlim-tərbiyəsi ilə 8 tərbiyəçi, 1 musiqi müəllimi məşğul
olur. Müəssisədəki 4 yataq otağı, 4 qrup otağı, musiqi və idman
zalı, mətbəx tamamilə yenilənib. Otaqların hamısı Heydər Əliyev
Fondunun hədiyyəsi olan zəruri inventarla təchiz olunub. Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından bağçaya
mebel, soyuducu, televizor, uşaq oyuncaqları və digər zəruri
əşyalar hədiyyə edilib.
Daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
77 nömrəli körpələr evi-uşaq bağçasına gəlib. Bu məktəbəqədər
təhsil müəssisəsi də əsaslı təmirdən sonra öz qapılarını
balacaların üzünə açıb. Müəssisənin əvvəlki vəziyyətinin əks
etdirən fotolara baxan Mehriban xanım Əliyevaya məlumat verilib ki,
bu bina 1963-cü ildə inşa olunub, ötən illər ərzində tam yararsız
vəziyyətə düşüb. Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi
inkişafını nəzərdə tutan Dövlət Proqramına uyğun olaraq 2012-ci
ildən burada aparılan yenidənqurma işlərindən sonra bağça yeni və
müasir görkəm alıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məlumat verilib ki,
ikimərtəbəli binada 5 qrup, 5 yataq, həkim otaqları, musiqi və
idman zalları, mətbəx yenilənib. Burada 2-6 yaş arası 95 uşaq
tərbiyə alır. Balacaların təlim-tərbiyəsi ilə ümumilikdə 26 nəfər
məşğul olur. Bu məktəbəqədər təhsil ocağına da bütün avadanlıq
Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunub. Mehriban xanım
Əliyeva hər iki bağçada yaradılmış şəraitdən razılığını bildirib.