Sabiq prezidentlər Bakıya gəlir
11 Aprel 2013 12:15 (UTC+04:00)
Mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunun işində
iştirak etmək üçün Bolqarıstanın sabiq prezidentləri Petr Stoyanov
(Petar Stoyanov) və Jelyu Jelev (Zhelyu Zhelev) Azərbaycana səfərə
gələcəklər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Movqe.az-a verilən məlumata
görə, Cənubi Qafqaz Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və
Madrid Klubu tərəfindən təşkil olunur. Madrid Klubu 56 ölkədən
80-dən çox sabiq prezident və baş naziri birləşdirən nüfuzlu
qurumdur. 2002-ci ildə yaradılan bu müstəqil qeyri-kommersiya
təşkilatının əsas məqsədi demokratiyanı inkişaf etdirməkdir.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyilə Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda Madrid Klubu
üzvləri ilə yanaşı, dünyanın bir çox ölkəsindən 350-dən çox
ekspert, ziyalı, elm adamları və nüfuzlu insanlar iştirak edəcək.
Forumun reallaşmasında İsgəndəriyyə Kitabxanası, YUNESKO-nun sabiq
direktoru Federiko Mayor Zaragozanın rəhbərlik etdiyi Fundacion de
Pas, İnsan alverinə Son layihəsi və Gəncə şəhər İcra Hakimiyyətinin
dəstəyi də böyükdür. Tədbirin təşkilat Komitəsinə İsgəndəriyyə
Kitabxanasının direktoru Cənab İsmayıl Seragəldin və Latviya
Respublikasının sabiq Prezidenti Dr. Vaira Vike-Freiberga
həmsədirlik edir.
Forum Beynəlxalq Chatham Evinin qanunları ilə nizamlanılır.