Millət vəkilinin "Facebook"da müdriklik dərsi...
11 Aprel 2013 14:44 (UTC+04:00)
Aktiv sosial şəbəkə istifadəçisi olan millət vəkili Aydın Mirzəzadə
maraqlı fikirləri ilə diqqət mərkəzində olmağı bacarır. Mövqe.az-ın
məlumatına görə, deputatın dünənki statusu "Facebook"
istifadəçiləri arasında böyük marağa səbəb olub.
Aydın Mirzəzadənin "Müdriklik dərsi 4" başlıqlı statusunu olduğu
kimi oxucularımıza təqdim edirik:
"Azərbaycanda bir nəfərin televizoru xarab olur və təmir üçün evə
usta çağırılır. Usta təmir üçün televizorun arxasını açdıqda qəribə
bir mənzərənin şahidi olur. Televizorun arxası çörək qırıntıları
ilə dolu idi və nasazlıq da qırıntılarla bu bağlı idi.
Evdə isə ata-anadan başqa 4 yaşlı qız yaşayırdı və valideynlər
ondan şübhələnirlər. Fikirləşirlər ki, bu işi qızcığazdan başqa heç
kim edə bilməzdi. Uşağın valideynləri usta yanında heç nə demirlər.
Televizor çörək qırıntılarından təmizlənir və usta televizoru
sazlayaraq təhvil verir.
Haqqını alan televizor ustası gedəndən sonra valideynlər
qızlarından məsələni soruşurlar. Qız əvvəl boynuna almaq istəmir,
sonra isə hönkür-hönkür ağlamağa başlayır.
Məlum olur ki, uşaq ekranda xarici ölkələrdəki ac uşaqları gördükcə
mətbəxdən çörəkləri gətirir və televizorun arxasındakı dəliklərdən
içəri atırmış."