SOCAR-ın telekanal alması tendensiyaya çevrilə bilər
11 Aprel 2013 14:25 (UTC+04:00)
"SOCAR-ın telekanal alması Azərbaycanda dövlət qurumlarının və
biznes sturukturlarının telekanal alması və açması ilə bağlı
tendensiya yarada bilər. Ola bilər ki, bu bir ənənənin əsasını
qoysun. Bundan sonra Vergilər Nazirliyi, Dövlət Neft Fondu və sair
bu kimi iri dövlət qurumları telekanal açmaq, telekanal açmaq
fikrinə düşsünlər. Amma bundan sonra "ATV İnternational" kanalının
Dövlət Neft Şirkətinin tabeliyində fəaliyyət göstərməsi düşünürəm
ki, Azərbaycanın xaricdə təbliğatı ilə bağlı töhvə verə biləcək.
Amma yenə də bu onun düzgün strategiya seçməsindən, yayım
strategiyasını müəyyənləşdirəcəyindən asılıdır".
Bu sözləri Movqe.az-a açıqlamasında tanınmış telejurnalist
Qulu Məhərrəmli "Azad Azərbaycan" televiziya kanalına məxsus "ATV
İnternational"-ın Dövlət Neft Şirkəti tərəfindən alınmasına
münasibətində söyləyib. Q. Məhərrəmli deyib ki, ümumiyyətlə
mətbuat fəlsəfəsinə görə, mətbuat azad olmalı, oliqarxların, biznes
qurumlarının tabeliyində olmamalıdır. Amma telejurnalist burada da
müəyyən istisnaların olduğunu bildirir: "Məsələn, qonşu Türkiyədə
iri şirkətlərin telekanalları, qəzetləri var. Amma bu telekanallar
və şirkətlər onların öz təbliğatı üçün yaradılmayıb, biznes marağı
güdür. Eləcə də, ABŞ-ın özünün də xaricdə tanınması üçün Amerikanın
səsi radiosu, jurnalları var. Bu media layihələri ABŞ-ın xarici
ölkələrdə tanınmasına xidmət edir. Elə "ATV İnternational"-da
bu məqsədlə yaradılmışdı. Hesab edirəm ki, SOCAR düzgün yayım
strategiyası seçərsə, ARDNŞ-ın imkanları hesabına Azərbaycanın
xaricdə təbliğatı baxımdan çox işlər görə bilər. Amma bu telekanal
Azərbaycanın Xarici İşlər Nazirliyinin tabeliyində fəaliyyət
göstərsəydi təbliğat baxımından töhvəsi daha böyük
olardı".
Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul
Məmmədov isə deyir ki, hətta SOCAR-ın telekanal alması dövlət
qurumlarının telekanal açması ilə bağlı bir ənənənin əsasını qoysa
belə burada qanunsuz heç nə yoxdur: "Qanunvericiliklə dövlət
qurumları da telekanal ala bilərlər. Təbii ki, qanunla nəzərdə
tutulmuş formada".
Qeyd edək ki, bir müddət öncə də, Nəqliyyat Nazirliyi radio yayım
üçün tezlik almışdı. MTRŞ tərəfindən Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzinə 107.7 MHz tezliyi üzrə radio yayımı üçün
müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya)
verilməsi barədə qərar qəbul edilib