Bakıda evlərin böyük əksəriyyətini paytaxtdan kənarda yaşayanlar alır
12 Aprel 2013 11:00 (UTC+04:00)
Araşdırmalar göstərir ki, son illərdə Bakıda mənzil alanların böyük
əksəriyyəti paytaxtdan kənarda yaşayanlardır. Hətta paytaxtdan ev
alanların sayında ümumiyyətlə, ölkədən kənarda yaşayan insanların
miqdarı da çoxdur. Belə ki, təqribi rəqəmlə desək, Bakıda mənzilə
sahib olanların üçdə bir hissəsi məhz kənar yerlərdə qeydiyyatda
olan şəxslərdir.
"Bakıda satılan hər 10 mənzildən cəmi 2-si
paytaxtda qeydiyyatda olan şəxslər tərəfindən alınır"
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov
bildirir ki, 2008 – ci ilə qədər Bakıda satılan mənzillərin
təxminən 65 faizini Azərbaycandan kənarda yaşayan azərbaycanlılar
alırdı: "Daha sonra bu rəqəm iki dəfə azaldı. Bu da qlobal maliyyə
və Rusiyada müşahidə edilən böhranla bağlı idi ki, kənarda yaşayıb
Bakıda mənzil alanların sayına təsir göstərdi. Amma bununla belə,
hazırda Bakıda satılan hər mənzilin təxminən 1/3 hissəsi
Azərbaycandan kənarda yaşayan azərbaycanlıların pulu hesabına
alınır. 2012 – ci ilin yekunlarında Bakıda satılan mənzillərin 20
faizi paytaxtda yaşayan və orada qeydiyyatda olan şəxslər
tərəfindən alınıb. Digər 80 faizi isə Bakıdan və Azərbaycandan
kənarda yaşayanlar tərəfindən alınıb. Bunun da əsas səbəbi onunla
bağlıdır ki, Bakı qeydiyyatında olanların əhəmiyyətli hissəsinin
mənzilləri var. Onun üçün mənzilə tələbatları yoxdur. Regionda
yaşayanların isə bir hissəsinin Bakıda iş yerləri var. Bakıda
gəlirlik səviyyəsi yüksək olduğu üçün onlar burada mənzil almaq
imkanlarına malik olurlar. Bu da paytaxtda mənzil alanların
çəkisində kənarda yaşayanların payının artmasına gətirib çıxarır.
Bakıda satılan hər 10 mənzildən cəmi 2-si paytaxtda qeydiyyatda
olan şəxslər tərəfindən alınır. Bu da bakılıların mənzil alışında
payının azalması deməkdir".
Ekspert bildirdi ki, Bakıda yaşayanların bir qismi son illər buranı
tərk edərək müxtəlif ölkələrə gedirlər: "Bakını tərk etmələri də
mənzillərin satılmasına təsir göstərir. 2012 – ci ilin yekunları
göstərir ki, 2011 – ci illə müqayisədə bu rəqəm təxminən 5 % artıb.
Belə ki, 2011 – ci ildə paytaxtdan ev alanların 75% -i Bakıdan
kənarda yaşayanların payına düşürdüsə, 2012 – ci ildə bu rəqəm 80 %
olub".
Vüqar Bayramov onu da qeyd etdi ki, Azərbayanda urbanizasiya
prosesi gedir: "Nəzərə alsaq ki, Azərbaycan ərazi baxımından elə də
böyük ölkə deyil. Ona görə də kənarda yaşayanların Bakıda mənzil
alması normalıdır. Çünki, Bakı paytaxt olması ilə yanaşı,
Azərbaycanın ən böyük şəhəridir. O baxımdan Bakı sakinləri üçün
fərq etmir. Amma bu, Bakıda mənzillərin qiymətinin artmasında əsas
səbəblərindən biridir".
"Bakı Cənubi Qafqaz regionunda neft sənayesi
şəhəri olması ilə yanaşı, çox böyük maliyyə
mərkəzidir"
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan
Atakişiyev bildirir ki, əhalinin regionlardan Bakıya gəlməsi
regionla paytaxt arasında hələ də qeyri – bərabər inkişafın davam
etməsi deməkdir: "Azərbaycan Respublikasının regionların sosial –
iqtisadi inkişafı dövlət proqramını həyata keçirməsində
məqsədlərindən biri də region və paytaxt arasında fərqin maksimum
dərəcədə azaldılmasıdır. Region əhalisi daha çox Bakı şəhərinə
işləmək, təhsil almaq üçün gəlirlər. Bakı iri şəhər olduğuna görə
burada regionlara nisbətən iş və təhsil almaq imkanları daha
genişdir. Xüsusən də xaricdən Azərbaycana gələnlərin sayının
artması onunla bağlıdır ki, Bakı Cənubi Qafqaz regionunda neft
sənayesi şəhəri olması ilə yanaşı, çox böyük maliyyə mərkəzidir. Bu
inkişaf da qonşu ölkələrin əhalisini özünə cəlb edə bilib. Xüsusən,
Bakıda ev almaq istəyində olanların içində Gürcüstan və İrandan
gələnlər çoxdur. Amma əhalinin paytaxtda cəmlənməsi şəhərləşmədə
problem yaradır. Bu, həm də daşınmaz əmlkın qiymətinin qalxmasına
və ya yüksək həddə qalmasına təsir göstərir. Həmçinin Bakıda
əhalinin sıxlığının artmasına gətrib çıxarır. Bu da yerli əhalidə
mənzil kommunal, iş tapmaq problemləri yaradır. Nəqliyyatın
yüklənməsi nəticəsində də Bakıda tıxacların artmasına səbəb
olur".
Ekspert onu da əlavə etdi ki, Bakı Azərbaycanın ən böyük şəhəri
olsa da, dünyada Bakıdan dəfələrlə böyük şəhərlər var: "Ona görə də
əhalinin bura köç etməsində asılı olmayaraq, Bakı düzgün şəkildə
inkişaf etdirilərsə, əhalinin ərazi üzrə düzgün paylanması
məsələlərinə diqqətlərə yetirilərsə, gözlənilən problemlərin
həllinə qismən nail olmuş olarıq".