Cəmiyyət radikal dini kəsimlərə qarşı yumruq kimi birləşdi

13 İyul 2018 09:43 (UTC+04:00)

İyulun 10-da Gəncədə baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından olan və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşların yaxından köməyi ilə respublikanın hüquq mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib. Ümumiyyətlə, Gəncədə baş verənlər radikal dini kəsimlərə qarşı cəmiyyətin vahid mövqedən çıxış etdiyini göstərdi. Xüsusən də ziyalıların birmənalı sərt reaksiyası onu göstərdi ki, cəmiyyət sabitliyi pozan radikallığı qəbul etmir. Bu fonda radikalizm növbəti iflasını yaşamış oldu. 

Politoloq Qabil Hüseynli bildirdi ki, hadisələr hansısa qeyri-milli ideologiyaya, başqa dövlətlərin əmrlərinə qulluq edən adamların gec-tez məğlubiyyətə məhkum olacağını göstərdi: “Gəncə hadisələrində bunu əyani surətdə görə bildik. Təhqiqat hələ daha çox nüansları üzə çıxaracaq. Ancaq o da aydındır ki, bu hadisələri törədənlərin gəncəlilərə heç bir aidiyyatı yoxdur. Yəni, kənar qüvvələr özünü göstərir. Amma yaşananlar göstərir ki, Azərbaycan dövləti həmişəki kimi möhkəmdir. Azərbaycan cəmiyyəti dövlətçiliyə qarşı olan istənilən qüvvə və təhlükəni aradan qaldırmaq üçün kifayət qədər potensiala malikdir”. 
Digər siyasi şərhçi Vüqar Rəhimzadə bildirdi ki, həmişə olduğu kimi din adı altında müxtəlif radikal qrupların cəhdləri indi də iflasa uğradı: “Bunun əsl səbəbi də xalqın iqtidarla bir olmasıdır. Hadisələrə cəmiyyətin kəskin reaksiyası oldu. Amma Gəncədə baş verən hadisələr ciddi araşdırılmalıdır. Çünki söhbət yalnız orada iştirak edən 200 nəfərdən getmir. Onları idarə edənlər var. Bu da Azərbaycanın müvafiq qurumlar tərəfindən araşdırılacaq. 
Nəzərə alaq ki, hadisələrdə iştirak edənlərin əksəriyyəti əvvəllər də məhkumluq həyatı yaşayıblar. Artıq cinayətdə şübhəli bilinən şəxslərdən biri həbs olunub. Digərinin də axtarışı davam etdirilir.  Bu baxımdan hüquq mühafizə orqanlarının dövlətə xidmətini yüksək qiymətləndirmək lazımdır. Azərbaycan polisinə silah qaldıran yalnız və yalnız onun düşməni ola bilər. Asayişi təmin edən insanlara güc tətbiq edənlər quldur, cinayətkardır. Həmin şəxslər mütləq lazımi cəzalarını alacaqlar. Ancaq həmin qüvvələr bilməlidirlər ki, bu gün Azərbaycanda sabitliyi pozmaq mümkün deyil. Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil. Azərbaycan hazırda qüdrətli dövlətdir. Hüquqi dövlət olmaqla yanaşı, iqtisadi gücü, siyasi sabitliyi təmin edilib. Hansı ki, bu sabitliyi də bütün cəmiyyət birmənalı olaraq dəstəkləyir. Sabitliyin qarantı isə ölkə rəhbəri cənab Prezidentdir. 
Xalq mövcud iqtidarın siyasətini dəstəkləməklə, dövlətimizə uzanan qara əllərin sərt cəzalanmasına nail olur. Odur ki, həmişə olduğu kimi, indiki hadisələrdə də radikalizm qalib gələ bilməyəcək. Təşkilatçılar isə budan mesaj almalıdırlar”. 
Mübariz BAYRAMOV