Avropada Azərbaycan Ermənistanın ümidlərini alt-üst etdi

14 İyul 2018 11:40 (UTC+04:00)

Artıq hər şeyi və hər kəsi öz adı ilə çağırmaq gərəkdir. "Paşik" Brüsseldə gülümsəyirdi, nikbin görünürdü, bütün işlərin alınması ilə bağıl təəssürat yaratmağa çalışırdı. Amma əfsuslar olsun ki, belə deyil. Avropa İttifaqı və NATO bizi pərişan etdi. "Paşik" isə Ermənistana az qala gözüyaşlı qayıtdı. İrəvanda çıxan "Lragir" qəzeti Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə səfərini belə şərh edib.

Paşinyan inqilabın lideri kinmi Avropa İttifaqından və Aİ rəsmilərindən özünə və ölkəsinə qarşı böyük diqqət gözləyirdi. Amma Ermənistan mediasının iddia etdiyi kimi qırmızı xalçalar sərilmədi, Paşinyan təntənəli şəkildə, alqışlarla qarşılanmadı. Paşinyan Brüsselə səfəri zamanı ciddi cəhdlə Aİ-dən 70-80 milyon avro pul almaq istəyirdi. Bu vəsait büdcəsi boş olan Ermənistanda yeni seçkilərin keçirilməsi üçün vacibdir. Paşinyan hələ ki nüfuzu qaldığı müddətdə seçkilər keçirib məsələni tez həll etmək istəyir. Avropa İttifaqı isə açıq şəkildə bəyan etdi ki, belə bir vəsait yoxdur və Paşinyana hələlik islahatların nəticəsinin gözləndiyi bildirildi. 
Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüsselə səfəri güclü, özünə güvənli, prinsipial, böyük hörmət sahibi olan Azərbaycanın fonunda cılız, heç kimə lazım olmayan, olduqca zəif Ermənistanın obrazını açıq nümayiş etdirdi. Millət vəkili Aydın Mirzəzadə Prezident İlham Əliyevin Belçika Krallığına səfərini şərh edərkən bildirib:  “Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin qarşılanması, nəzərdə tutulmuş bütün məsələlərin uğurla həll olunması onun yüksək nüfuzundan xəbər verir. Bu səfər çərçivəsində son dövrdə hazırlanan tərəfdaşlıq sənədi Azərbaycan və Avropa İttifaqı tərəfindən imzalandı”.
Millət vəkili bildirib ki, həmin sənəddə konkret olaraq Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Azərbaycanın Avropanı enerji ilə təminatında rolu yüksək qiymətləndirilir, əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağı bildirilir. “Hesab edirəm ki, bu, Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir. Cənab Prezidentin bu səfər çərçivəsində NATO və Avropa İttifaqı rəhbərləri ilə görüşü, münasibətlərin geniş müzakirə edilməsi, konkret razılaşmalar əldə edilməsi gözlənilən idi. Eyni zamanda, Azərbaycan Prezidentinin yüksək səviyyədə qəbul edilməsi, onun səfər proqramında hər iki tərəf üçün gərəkli olan çoxsaylı görüşlərin keçirilməsi, cənab İlham Əliyevlə Amerika Birləşmiş Ştatları Prezidenti arasında tanışlığın baş tutması kimi məqamlar çox ciddi məsələlərdir”, - deyə A.Mirzəzadə qeyd edib.
Millət vəkili bildirib ki, bütün bunların fonunda isə Ermənistan çox cılız və nüfuzsuz görünürdü: “Çünki bu ölkənin dünyaya verəcəyi heç nə yoxdur. Ermənistan xaricdən ianələr dilənməklə, özünün əsassız “Erməni soyqırımını” dünyaya qəbul etmək cəhdləri ilə tanınır. Növbəti dəfə Ermənistanın Avropa Birliyindən ianə istəməsi sərt cavaba səbəb olub. Bu, bir daha göstərir ki, Avropa İttifaqı Ermənistandan öz resursları hesabına inkişaf etməyi tələb edir. Baxmayaraq ki, Ermənistanın istədiyi vəsait Azərbaycanın orta səviyyəli illik büdcəsidir, Azərbaycanın ayrı-ayrı regionlarda keçirdiyi layihənin qiymətidir. Ancaq bu gün Ermənistan Azərbaycan və Türkiyə ilə düşmən münasibətinə görə özünü dilənçi vəziyyətinə salıb. Bu bir daha göstərir ki, dövlətçilik ilk növbədə qonşu dövlətlərlə xoş münasibətlərə əsaslanmalı, beynəlxalq hüquq normalarına, qarşılıqlı maraqlar üzərində qurulmalıdır. Bunlar isə Ermənistanda yoxdur”.
NATO üzv dövlətləri Brüsseldə keçirilən Zirvə toplantısının yekununda qəbul etdikləri kommunikedə isə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə ediblər. Prezident İlham Əliyev Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib. Dövlətimizin başçısı iclasda çıxış edib.
Bəyanatda qeyd edilir ki, 2006-cı ildən başlayaraq NATO üzv dövlətləri Zirvə toplantılarının yekununda qəbul olunan bəyanatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə davamlı olaraq dəstəklərini ifadə edirlər. Azərbaycan Respublikası Avropa İttifaqı və NATO üzv dövlətləri tərəfindən müvafiq olaraq Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri Sənədi və NATO-nun Brüssel Zirvə toplantısının kommunikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edir.
Beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və dəstək beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən vacib amildir. Bütün bunlar həm də Brüsseldə Qərbin Ermənistana və Azərbaycana hansı prizmadan yanaşmasının real göstəricisidir.