Paşinyan “qaş düzəltmək əvəzinə göz tökməklə” məşğuldur

14 İyul 2018 09:00 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə, NATO sammitinə qatılacağı xəbəri əvvəlcə ermənilərdə təşəxxüs doğurmuşdu. Cəmiyyət elə düşünürdü ki, madam ölkənin yeni rəhbəri belə mötəbər məclisə dəvət olunubsa, demək, siyasət uğurludur. Amma Brüsseldə hötmətlə qarşılanan Paşinyan ağzını açan kimi nəinki özünü, təmsil etdiyi cəmiyyətin üzvlərini, onu dəstəkləyənləri də axmaq vəziyyətinə salıb. Çünki, o, dünya səviyyəli qurumları və görkəmli ictimai-siyasi xadimləri aldatmağa çalışıb, yəni axmaq yerinə qoyub. Belə ki, o, Brüsseldə keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində gərginliyin artması barədə yalan və dezinformasiya yaymağa çalışıb. Hər şeydən hali olan sammit iştirakçıları isə onun bu saxtakarlığına reaksiya verməyiblər. Çünki, real operativ vəziyyət və mövcud faktlar bunun tamamilə əksini sübut edir. Bu yolla Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Ermənistanın baş nazirinin yalan məlumatları yalnız daxili istehlaka yönəlib və onun özünün qeyri-legitim hakimiyyətini qorumaq məqsədi daşıyır. Eyforiya dövrü artıq başa çatmaqdadır. Paşinyan Ermənistanla heç bir əlaqəsi olmayan demokratiya və insan hüquqlarından danışaraq özünün demokratiya deyil, dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsinə bəraət qazandırmağa çalışır. Onun bu canfəçanlığı və düçünmədən aözına gələni danışması özünə və ətrafındakılara hörmətsizlik nümunəsi olmaqla yanaşı dövlət rəhbərinin mənəviyyatsızlığı deməkdir. Paşinyan erməniləri beynəlxalq aləmdə daha da alçaldılması yolunu tutub.  

Ümumiyyətlə, Ermənistan baş nazirinin Brüsselə səfərini “qazanda nəyin bişdiyini bilmədən özünü irəli soxan çömçə” misalı ilə xarakterizə etmək olar. Fəaliyətinə görə onun praqmatik olduğunu demək olmaz. Təcrübəsizliyi də bir yandan bu adamı həinki gülünc, həm də çıxılmaz vəziyyətə sürükləyir. Təbii ki, özü ilə bərabər rəhbərlik etdiyi dövlət də “gedər-gəlməzə” yollanır. 
İlk növbədə, Paşinyan Kremlin məsləhətini nəzərə almadan Brüsselə yollanıb. Bu, Rusiya tərəfdən iqtisadi və siyasi fikir nöqteyi-nəzərindən hörümçək toru kimi sarınmış Ermənistana yaxşı heç nə vəd etmir. İrəvan hakimiyyəti artıq Rusiyanın gözündən düşüb. Yox, bu sözlərlə Ermənistanın müstəqilliyi əleyhinə danışmaq istəməzdik, lakin dövlət başçısı, siyasətdən az-çox başı çıxan şəxs mövcud reallıqları mütləq nəzərə almalıdır. Konkret olaraq, Paşinyan öz ölkəsinin Rusiyadan asılılığını unutmamalı və müvafiq təhdidləri göz altına alıb ehtiyatlı siyasət yürütməlidir. Bu yoxdur, səbəbi də kobud desək, “erməni axmaqlığıdır”.
İkinci məsələ, Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan siyasətə bağlıdır. Paşinyan hakimiyyətə gələn kimi “mən vətənpərvərəm” deyib düşdü ortalığa və düşündü ki, bununla xalqın etimadını və “əbədi” rəğbətini qazanacaq. Qarabağ ermənilərinin, Azərbaycan vətəndaşlarının Azərbaycanla danışıqlarda tərəf kimi iştirak etməsini irəli sürməklə o, kələfin ucunu itirdi və elə əvvəldən səhv istiqamətə yönəldi. İndi fikir verin. Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 4 saatlıq görüş keçirilir, bərpa edilmiş danışıqlar formatının davam etdirilməsinin vacibliyi bildirilir. Görüşdən sonra baş nazir Paşinyan bildirir ki,  görüş, təmas olub, mahiyyətcə, bu mövzuda ilk təmasdır və birinci görüşdən hər-hansı nəticə gözləmək düzgün deyil. Görüşün özü tanışlıq, ünsiyyət baxımından əhəmiyyətlidir. Azərbaycan prezidenti İlham Əliyevlə mümkün görüşə gəlincə isə N.Paşinyan bu mövzuda heç bir danışıq aparılmadığını bildirib. Halbuki tərəflər tərəflər Ermənistanın əsas hakimiyyət fiqurundan substantiv çağırışlara uyğun cavab gözləyirdilər. 
Hadisələrin bu yöndə inkişafı müharibəyə çağırış kimi də qiymətləndirilə bilər. Lakin Azərbaycan Prezidenti İlham Əliyev regionun liderinə xas müdriklik göstərərək hələ də Ermənistan baş nazirini səmərəli seçimə dəvət edir.  Azərbaycan Prezidenti son çıxışlarında Ermənistanın keçmiş rəhbərliyini sərt şəkildə tənqid etsə də, işğalçı ölkənin yeni hökumətinə səhvlərdən nəticə çıxartmaq, konstruktiv mövqe sərgiləyib öz hakimiyyətini kataklizmlərdən, erməni xalqını isə qarşıdakı fəlakətlərdən xilas etmək üçün ona faktiki şans olaraq deyib: “Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək, imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik. Biz münaqişənin həllini tələb edirik. Bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”.
N.NOVRUZ