Baş tutmayan planın qisas cəhdi - Prezident nöqtəni qoydu

13 İyul 2018 17:15 (UTC+04:00)

Gəncədəki hadisələr günlərdir Azərbaycanın ən çox müzakirə olunan mövzularından birinə çevrilib. İki polis zabitinin qətlə yetirilməsi ilə nəticələnən olaylarda sirr pərdəsi yavaş-yavaş aralanmağa başlayır. 

Məlum olur ki, bu xəyanətkar plan aylar əvvəl hazırlanıb. Sadəcə, Azərbaycanı qarışdırmaq üçün fürsət axtarılıb. Gəncə hadisələri Azərbaycanda xain və satqın qrupları gün üzərinə çıxardı. Gün keçdikcə, kimin bu vətənə və dövətə sadiq olduğu aydın olur. 

Xainlərin bir hissəsi 11 apreldə keçirilən növbədənkənar prezident seçkiləri zamanı ortaya çıxmışdı. Sanki Elmar Vəliyev sui-qəsdi və 2 polis zabitimizin öldürülməsi, xainlərin qisas planı idi. Yəqin ki, 2018-ci ilin oktyabrında keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin vaxtının dəyişdirilməsi xarici qüvvələrlə əlbir olan şərəfsizlərin planlarını pozmuşdu. Onlar öz təxribatçı planlarını oktyabr ayı üçün hazırlayırdılar. Birdən-birə verilən qərar onların xəyanətkar planlarını alt-üst etdi. Şübhəsiz ki, Gəncədə baş verənlər xaricdən, Azərbaycanı istəməyən və erməni lobbisi ilə əməkdaşlıq edən qüvvələrin rəhbərliyi ilə hazırlanıb. Amma şərəfsiz və xəyanətkar dəstənin namərdcəsinə hazırladığı Azərbaycan planı baş tutmadı! Çünki bu plana Gəncə əhalisi və ümumikdə, Azərbaycan xalqı öz dəstəyini vermədi! 

Artıq ölkədə hər kəs bilir ki, Gəncədə baş verənlərə və polislərin öldürülməsinə sevinənlər mənəviyyatlarını 3-5 dollara satan şərəfsizlərdir. Onlar prezident seçkilərində olduğu kimi, indi də fürsətdən istifadə etməyə çalışdılar. Prezident seçkiləri vaxtı söyüş və qarayaxma ilə hakimiyyəti gözdən salmaq istəyən qüvvələr, indi insanların dini hislərindən istifadə etməyi qarşılarına məqsəd qoyublar.
Hadisələrin gedişatı göstərir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə güllə atılmamışdan əvvəl və sonra baş tutan təxribatlara hazırlıq sistemli şəkildə aparılıb.

Təxribatların xarici mərkəzlər tərəfindən yönləndirilməsinə heç bir şübhə yoxdur. Ləyaqətsiz, mənəviyyatını itirmiş daxili satqınlar isə həmin qüvvələrə canla-başla kömək edirlər. Onlar polislərin öldürülməsinə sevinir və polisi öldürən quldur dəstəyə haqq qazandırmağa çalışırlar! Ürəyində millət, vətən sevgisi olan şəxs, polis öldürməz və polislərin öldürülməsinə sevinməz! Niyə bu xalqa, dövlətə, dövlətçiliyə bu qədər nifrət edirsiz?! Doğulduğunuz vətənə qarşı bu qədər nifrət hardandır?! Bu suallar onlara çox verilib. Amma sərf etmədiyi üçün eşitmirlər! 

Onların şəfərsizliklə hazırladıqları xain planı başda cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycanın hüquq mühafizə orqanları ifşa etdi! Ciddi və sistemli iş sahəsində xarici güclərin Azərbaycandakı alçaq niyyətləri baş tutmadı. Artıq, rəsmi məlumatlara görə, 11 nəfər həbs edilib, 1 nəfər isə hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstərdiyi üçün öldürülüb. Bununla da xain plan tamamilə iflasa uğradı! Bu, Azərbaycana xain niyyətlər bəsləyən, ölkəmizə qarşı çirkin əməllər törətməyə cəhd edəcək insanlara dərs olmalıdır! 
Ölkəmizə qarşı çirkin planın qarşısı, cənab Prezident İlham Əliyevin siyasi iradəsinin və uzaqgörənliyinin sayəsində alındı. Bu uzaqgörənliyə görə, bizi özümüzdən çox qoruyan, cənab Prezident İlham Əliyevə və hüquq-mühafizə orqanlarına böyük və xüsusi TƏŞƏKKÜR düşür. 

Dövlət başçımız, bu gün Gəncə hadisələri ilə bağlı hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi iclasda baş verənlərə sərt reaksiya verib: 

"Bu terror aktları nəticəsində iki polis əməkdaşı həlak olub. Yaralanan vətəndaşlarımız var, onların arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı da olub. Allah şəhidlərimizə rəhmət eləsin, yaralananlara şəfa versin!"

Prezident bildirib ki, bu cinayəti törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir: "Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə bu qanlı terror aktları törədilib".

Prezident qeyd edib ki, bu terror aktları dini şüarlar altında törədilib: "Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh dinidir, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Bu cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar öz məkrli niyyətlərinə çata bilməyəcəklər. Bütün Azərbaycan xalqı bu qanlı cinayəti birmənalı olaraq pislədi, bu cinayəti törədənlərə öz nifrətini ifadə etdi. Azərbaycan dövləti də öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib. Bu cinayətdə iştirakı olanların hamısı məsuliyyətə cəlb olunacaq. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub”.
20 ildən çoxdur ki, xalqımız “terror” kəlməsini öz leksikonundan çıxarıb. Amma hansısa qüvvələr Azərbaycanı terrorla qorxudur və ölkəmizi qan görünə çevirməyə cəhd edir. Siyasət, din, Qarabağ münaqişəsi, enerji məsələləri və digər bu kimi səbəblərə görə, Azərbaycana düşmən kəsilən qüvvələrə zərbə üçün hər an fürsət axtarır. Azərbaycanda dini və siyasi qarşıdurma yaratmaq istəyən qüvvələr hər an pusquda durub! 

O, xainlər əmin olsunlar ki, bu ölkənin siravi vətəndaşı, polisi, məmuru vətəni üçün ölməyə hazırdır! Heç bir şərəfsiz, mənəviyyatsız, vətən xaininin Azərbaycanda qarışıqlıq yaratmaq cəhdi baş tutmayacaq! Ölərik, amma ölkəmizi düşmənə, xainə təslim etmərik!

Ramin Əhmədov 
Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini