YAP Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi məqsədilə geniş fəaliyyət proqramı hazırlayıb
13 Aprel 2013 12:49 (UTC+04:00)
"Yeni Azərbaycan Partiyası tərəfindən ümumilli lider Heydər
Əliyevin 90 illik yubileyinin qeyd edilməsi məqsədilə geniş
fəaliyyət proqramı hazırlanıb". Bu barədə Trend-ə YAP-ın Sədr müavini, icra
katibi Əli Əhmədov bildirib.
"Əlbəttə, Yeni Azərbaycan Partiyası üçün partiyamızın yaradıcısı,
xalqımızın ümumilli lideri Heydər Əliyevin doğum gününün qeyd
edilməsi xüsusi əhəmiyyət kəsb edir və hər il Yeni Azərbaycan
Partiyası bu əlamətdar günü böyük təntənə ilə qeyd edir. Bu il Yeni
Azərbaycan Partiyası ümumilli lider Heydər Əliyevin 90 illik
yubleyini qeyd etməyə hazırlaşır", - deyə Əhmədov bildirib.
YAP rəsmisinin sözlərinə görə, həm Yeni Azərbaycan Partiyasının
İcra Katibliyi ölkə səviyyəsində, həm yerli təşkilatları fəaliyyət
göstərdikləri ərazi səviyyəsində partiyamızın qurucusunun 90 illik
yubileyini yüksək şəraitdə, layiqincə qeyd edəcəklər.
"Biz düşünürük ki, ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında göstərdiyi misilsiz xidmətləri Azərbaycan vətəndaşları
və bütövlükdə xalqımız unutmayıb və hər il keçirilən Azərbaycan
xalqının böyük hörmətini və məhəbbətini ifadə edən bu tədbirlər
Heydər Əliyevin xalqımızın qarşısındakı misilsiz, böyük, möhtəşəm
xidmətlərinə verdiyi qiymətdir. Digər bir tərəfdən hesab edirəm ki,
Azərbaycan vətəndaşları onu da aydın şəkildə dərk edirlər və
qiymətləndirirlər ki, ümumilli liderin layiqli davamçısı İlham
Əliyev dəfələrlə qeyd edib ki, bu gün Azərbaycanda Heydər Əliyev
siyasəti davam etməkdədir, Azərbaycanın inkişafı, yüksəlişi,
həyatımızın müsbət şəkildə dəyişməsi əhəmiyyətli dərəcədə Heydər
Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi xəttin reallaşması ilə
əlaqədardır", - deyə Əhmədov qeyd edib.
Onun sözlərinə görə, Heydər Əliyevin ideyaları, siyasəti bu gün də
Azərbaycana, Azərbaycan xaqlına xidmət edir, xalqımız və dövlətimiz
bu siyasətin həyata keçirilməsinin faydalarını görür.
"Elə bu səbəb ilə əlaqədar olaraq, bu da bir məqamdır, bir cəhətdir
ki, Azərbaycan vətəndaşları Heydər Əliyevin doğum gününü həmişə
yüksək təmtəraqla qeyd edirlər. Bu il yubiley ili olduğundan güman
edirəm ki, Heydər Əliyevin doğum gününün qeyd edilməsi daha xüsusi
əlamətəri ilə seçiləcək və o cümlədən də Yeni Azərbaycan
Partiyasının yubiley tədbirləri geniş vüsəti və xüsusi təntənəsi
ilə əvvəlki illərdən fərqlənəcək", - deyə Əhmədov bildirib.