Yer üçün təhlükəli olan güclü Günəş fırtınası gözlənilmir
13 Aprel 2013 17:48 (UTC+04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və
Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov deyib.
O bildirib ki, Günəş ətrafında aparılan müşahidələr bunu deməyə
əsas verir. Günəşin arasıkəsilmədən müşahidədə olduğunu deyən N.
Cəlilov vurğulayıb ki, 2 süni peyk Günəşin ətrafında fırlanaraq
müvafiq müşahidələr aparır. Onun sözlərinə görə, aparılan
müşahidələrə əsasən Günəşdəki aktivliyin səviyyəsinin güclü
fırtınalara, yer kürəsi üçün təhlükə yaradacağını demək mümkün
deyil və belə hal gözlənilmir: "Dünən Günəşdəki vəziyyətlə tanış
olmuşam. Müşahidələrə əsasən, Günəşin səthində maqnit nəticələrinin
sayı azdır. Deməli, Günəşin maqnit aktivliyi güclü deyil.
Aktivliyin pik həddinin nə vaxt olacağını demək isə mümkün deyil.
İndi yalnız onu demək olar ki, hazırkı müşahidələr Günəşdə Yer
kürəsi üçün təhlükəli fırtına gözlənilmədiyini göstərir".
Qeyd edək ki, İngiltərənin Redinq şəhərindəki universitetin
professoru Kris Debi BBC-nin canlı efirində bu gündən güclü Günəş
fırtınasının gözlənildiyini deyib. Təbiət hadisəsi elektrik
avadanlıqlarının işinə və insanların əhvalına mənfi təsir göstərə
bilər.
Onun sözlərinə görə, fırtınanın ən güclü vaxtı şənbə günü axşam
saatlarına təsadüf edəcək. Planetdə günəş küləyi daha çox şənbə
günü gecə yarısından bazar günü saat 03:00-dək hiss olunacaq.