1000 voltluq naqilə toxunan oğlan necə sağ qaldı?

15 Aprel 2013 13:50 (UTC+04:00)

Bakı şəhərinin Xətai rayonu ərazisində yeniyetmə oğlanın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, "Bakı Elektrikşəbəkə" ASC-nin Enerji Təchizatı və Satışı İdarəsinin 323 saylı transformator məntəqəsində 14 yaşlı Quluzadə Bəkir Hafiz oğlunu yüksək gərginlikli elektrik cərəyanı vurub.


Məlumata görə, B.Quluzadənin atası Quliyev Hafiz həmin məntəqədə işləyir. Atasının cərəyandan azad edilmiş otağından çıxan yeniyetmə oğlan yüksək gərginlikli kabellərin keçdiyi digər otağa keçib. Burada o 1000 voltluq naqilə toxunub. Elektrik cərəyanı vurması nəticəsində yeniyetmə oğlan bir neçə metr kənara düşüb və ağır bədən xəsarətləri alıb. Xoşbəxtlikdən cərəyan vurmasına görə B.Quluzadənin ürəyi dayanmayıb.


Yeniyetmə oğlan Nevrocərrahiyə xəstəxanasına yerləşdirilib. Onun bəzi bədən orqanlarının ciddi zədələndiyi bildirilir.