Əli Həsənovdan Zeynəb Xanlarova ilə bağlı açıqlama
15 Aprel 2013 15:03 (UTC+04:00)
"Zeynəb xanım Azərbaycan mədəniyyətinin çox
görkəmli nümayəndələrindən biridir. Neçə illərdir xalqımızı ölkə
daxilində və xaricdə tərənnüm edir, SSRİ-nin, sovet və
müstəqil Azərbaycanın ən yüksək fəxri adlarını, orden və
medallarını daşıyır. O, həm də tanınmış ictimai xadimdir,
Azərbaycan parlamentində öz seçicilərini təmsil edir". Bunu
APA-ya açıqlamasında Azərbaycan
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov son günlər
bəzi mətbuat orqanlarında millət vəkili və xalq artisti Zeynəb
Xanlarova haqqında iqtidaryönlü "Kaspi" qəzetində dərc olunmuş
tənqidi yazı ilə bağlı müzakirələrə münasibət bildirərkən
deyib. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Nardaran
kəndində Zeynəb Xanlarovanın bağ evinin yandırılması və hadisənin
törədilməsində şübhəli bilinən şəxslərin saxlaması ilə bağlı
açıqlaması millət vəkilinin etirazına səbəb olub. Bəzi müxalifyönlü
mətbuat orqanları Zeynəb Xanlarovanın bu açıqlamalarına istinad
edərək, onun iqtidarla yolunun ayrıldığını da yazıb. Ə. Həsənov isə
bu cür yazıların doğru olmadığını bildirib: "Zeynəb xanım həmişə
dövlətə və dövlətçiliyə xidmət göstərib, bütün dövrlərdə ölkə
rəhbərləri ilə yaxın təmasa malik olub, hakimiyyətlə birbaşa
bağlığı ilə tanınıb. Hələ indiyə qədər Zeynəb xanımı öz tərəfinə
çəkmək, müəyyən siyasi məqsədlər naminə istifadə etmək heç bir
müxalifət partiyasına və yaxud müxalifətçiyə nəsib olmayıb. Bugünkü
müxalifət də təpədən-dırnağa qədər öz dövlətinə və millətinə bağlı
olan bu insanı, nə qədər çalışsa belə, hakimiyyətə, ölkə
başçısına qarşı qoya bilməyəcək".
Şöbə müdiri qeyd edib ki, Z. Xanlarova Azərbaycan mədəniyyət
xəzinəsinin incilərindən biridir: "O, mahir sənətkardır, lakin
yetkin siyasətçi deyil. O, bəzən bəyanat və açıqlamalarını
emosional formada səsləndirir, onları ütülü formaya salaraq
cəmiyyətə təqdim etmir. "Kaspi" qəzeti də, əlbəttə, nə qədər
iqtidaryönlü olursa-olsun, bəlli bir jurnalist kollektivinin
çalışdığı müstəqil mətbuat orqanıdır. Hər bir media vasitəsi kimi,
"Kaspi"nin də öz dəst-xətti, fərqli üslubu var, burada çalışanlar
ölkədə baş verən hadisələrlə bağlı məxsusi mövqeyə malikdirlər.
Onlar da Zeynəb Xanlarovanı daim öz yanlarında, düşündükləri,
təsəvvür etdikləri kimi görmək istəyirlər. Burada qeyri-adi bir şey
yoxdur. Lakin hakimiyyət olaraq biz Zeynəb Xanlarovanı daim
dövlətin, dövlətçiliyin və xalqın tərəfində görürük. Zeynəb xanımı
Əkrəm Naibov, Rüstəm İbrahimbəyov kimilərinin sırasında görmək
istəyənlər yanılırlar. O ki qaldı Zeynəb xanımın Daxili İşlər
Nazirliyinin açıqlamasına münasibətinə, qeyd etməliyəm ki, daxili
işlər orqanlarının başlıca vəzifələrindən biri ölkədə sabitliyi,
ictimai asayişi, vətəndaşların mülkiyyətini, əmlakını qorumaq,
habelə bu işə xələl gətirən insanları müəyyənləşdirərək məsuliyyətə
cəlb etməkdir. Zeynəb xanımın reaksiyasına Daxili İşlər Nazirliyi
münasibət bildirib və bu məsələni artıq bitmiş hesab etmək
olar".