MƏDƏNİ İRS OLİMPİADASI BAŞLAYIR

15 Aprel 2013 14:52 (UTC+04:00)

"MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası tələbələr arasında I Mədəni irs olimpiadasına start verib. Mövqe.az-ın məlumatına görə, Olimpiadanın I mərhələsi 2013-cü il aprelin 16-da Elmi Kitabxananın oxu zalında keçiriləcək.

Qeyd edək ki, Olimpiadanın Elmi Komitəsi müraciət edən tələbə və gənclər arasından birinci mərhələyə qatılmaq üçün 45 nəfər seçib.

Olimpiadanın məqsədi gənclərin milli mədəni irsimizin öyrənilməsinə marağının artırılması, intellektli gənclərin ictimaiyyətə təqdim olunmasıdır. Olimpiadada ixtisasından asılı olmayaraq Azərbaycan Respublikasının ali və orta ixtisas müəssisələrində təhsil alan aspirant, magistr və tələbələrə şərait yaradılıb.

Bu barədə əvvəlcədən təhsil ocaqlarında yayılan elanda göstərilib ki, olimpiada ilkin seçim, yarımfinal və final mərhələlərindən ibarət olacaq. Yarımfinal və final mərhələləri test üsulu ilə keçiriləcək. Suallar tanınmış alimlər, tarixçilər, mədəni irs mütəxəssisləri tərəfindən tərtib olunub.

Olimpiada vasitəsilə gənclər milli mədəni irsimizlə bağlı biliklərini sınaqdan keçirmək və bu sahədə yeni biliklər əldə etmək imkanı qazanacaqlar.

Qaliblər sertifikatlarla və dəyərli hədiyyələrlə mükafatlandırılacaq.