İşçi qrupunun rəhbər müavini: "Ağır narkotik istifadəçilərinə müaliciə effekt vermir"

15 Aprel 2013 17:15 (UTC+04:00)
"Ağır narkotik maddələrdən istifadə edən narkomanların müalicə yolu ilə normal həyata qayıtması mümkün deyil. Heroin, tiryək, həşiş kimi narkotik maddə istifadəçiləri Narkoloji Dispanserlərdə müalicə olunsalar belə, onları bu bəladan xilas etmək, tam olaraq normal həyata qaytarmaq olmur. Belə narkomanların demək olar ki, çox çüzi hissəsi "ağ ölüm"ün pəncəsindən xilas olur".
Bu sözləri Movqe.az-a açıqlamasında "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Vasif Quliyev deyib. V. Quliyevin sözlərinə görə, müalicə olunsalar belə ağır narkotik aludəçilərinin narkotik maddələrdən asılılığı müalicəsi ilə müsbət nəticə vermir. Respublika Narkoloji Dispanserindən isə bildirdilər ki, narkomaniya xroniki xəstəlik olduğundan, bu xəstəlikdən əziyyət çəkənlər tam sağalmır: "Belə xəstələrdə remissiya müddəti olur. Ağır narkotik maddə istifadəçilərini bu bəladan qurtarmaq həm də həkimin zəhmətinə bağlıdır. Düzgün müalicə metodu seçdikdə belə xəstələrdə remissiya əldə etmək olur. Elə xəstələrimiz olub ki, müalicə ilə normal həyata dönərək həqiqi hərbi xidmət keçiblər, təhsillərini davam etdiriblər. Amma müalicənin effekt verməsi narkotik maddə istifadəçisinin həyat tərzindən də asılıdır. Müalicə ilə yanaşı, narkomanın həyat tərzi də dəyişdirilməlidir ki, o yenidən bu həyata qayıdıb xəstə olmasın".