Rusiya və Azərbaycan yaxın vaxtlarda bir sıra sənədlər imzalayacaq - YENİLƏNİB

20 Avqust 2018 14:40 (UTC+04:00)

Rusiya və Azərbaycan yaxın zamanlarda iri sənədlər zərfi imzalamağı planlaşdırır.

Movqe.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Səfir bildirib ki, zərfə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq elementləri daxil olacaq:

"Bu sənədlər zərfi iqtisadi əməkdaşlığa əsas yanaşmanı müəyyən edəcək. Biz qarşımıza ticarət dövriyyəsini artırmağı hədəf qoymuşuq. 2017-ci ildə dövriyyə 2,6 milyard dollar təşkil edib. Gələcəkdə bu göstəricinin artımına ümid edirik".

M.Boçarnikovun sözlərinə görə, tərəflər həmçinin sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafını davam etdirmək niyyətindədir:

"Tezliklə biz Rusiyanın iştirakı ilə birgə müəssisələrin yaradılmasını görəcəyik. Bu müəssisələr gələcəkdə daha da yaxınlaşmamız üçün mühit yaradacaq".

Səfir əlavə edib ki, son zamalarda iki ölkənin İşgüzar şuralarının işi fəallaşıb:

"Bizim tərəfimizdən Şura 70-dən çox şirkətlə təmsil olunur. Dövlət inkişaf istiqamətlərini planlaşdırarkən biznes maraqları nəzərə alınmalıdır. İlin sonunadək iqtisadi əməkdaşlığa yeni təkan veriləcək".