Köhnə təkərlər ekologiya və sürücülər üçün əsl təhlükəyə çevrilir

16 Aprel 2013 08:43 (UTC+04:00)
Bu gün avtomobillərin ehtiyat hissələrininin satşını həyata keçirən mağazalarda, eləcə də maşın bazarlarında hər növdə və hər ölçüdə şinlər və ya təkərlər almaq mümkündür. Bəzi satış məntəqələrində isə hətta işlənmiş təkərlər də almaq olar.
Lakin məsələnin maraqlı tərəflərindən biri istismarı artıq heç cür mümkün olmayan təkərlərlə bağlıdır. Ölkəmizdə belə təkərlərin utilizasiya həyata keçirilmədiyindən onlar ən yaxşı halda yandırılır. Bu isə öz növbəsində ekologiyaya ciddi zərər vurur.
Bununla yanaşı, yuxarıda qeyd olunduğu kimi köhnə təkərlər həm də alver məqsədi kimi istifadə olunur. Özü də təkcə yerli yox, həm də beynəlxalq səviyyədə. Məsələn, yaponlar mövsüm dəyişdikcə işlənmiş şinləri şimal qonşuları olan Rusiyaya satır, özlərinə isə yenilərini alırlar. İstifadəyə yararlı olan işlənmiş malları almaq istəyənlərin sayı yetərincə olduğuna görə, işlənmiş şinlərin alqı-satqısı sivil forma alaraq bütöv bir sənayeyə çevrilib. Ölkəmizdə də köhnə təkərlərin alveri ilə məşğul olanlar var. Lakin belə şinlərə heç kim zəmanət vermir. İşlənmiş şinlərin ucuzluğu alıcıları şirnikləndirir, onlar yeni şinlərdən orta hesabla 50% ucuz satılır. Lakin onlar həm də təhlükə mənbəyinə çevrilir. Çünki, yenidən istismar zamanı belə şinlər qəzaya səbəb ola bilir. İstismaır heç cür mümkün olmayan təkərlərin isə utiliyzasiyası yuxarıda qeyd olunduğu kimi problem olaraq qalır. Özü də Azərbaycana çoxlu sayda avtomobillərin gəlməsi fonunda belə təkərlərin də sayı artır.
Zibilliklərə daşınılan təkərlər isə çox yer tutduğundan yandırılır. Təkərlərin tərkibi isə müxtəlif kimyəvi maddələrin qarışığından ibarətdir. Elə bu səbəbdən də yandırılan təkərlərin tüstüsü insan orqanizmi üçün ciddi təhlükədir. Atılan təkərlərin erroziyaya uğraması uzun illərdən sonra gerçəkləşir. Əgər təkər erroziyaya uğrayaraq torpağa qarışarsa, həmin torpaq yararsız hala düşür. Təkərlərin yandırılması isə ekologiya üçün böyük təhlükə yaradır. Bu halların qarşısını almaq üçün Avropa ölkələrində müxtəlif üsullardan istifadə edilir. Bir sıra Avropa ölkələrində istismar müddəti bitmiş təkərlər yığılaraq təkrar emal edilir. Araşdırmalar göstərir ki, utilizasiyası sayəsində iqtisadiyyatda ciddi irəliləyişlər əldə edilir. Məsələn, Almaniyada yol tikintisində şinlərdən geniş istifadə olunur. Asfalt qatı bu zaman daha uzunömürlü olur, həm də bu istiqamətdə daha az maliyyə vəsaiti xərclənir. Gürcüstanda isə artıq avtomobil şinlərinin təkrar emalı üçün zavod inşa edilib. Zavodun aylıq emal gücü isə 10 min tondur və xammal olaraq hər ay 4 tondan çox kauçuk - rezin, 1 tona yaxın dəmir məftillər emal edilir. Emal edilən kauçuk - rezinin 30 faizi yerli tələbatın ödənilməsinə sərf edilir. Qalan 70 faiz isə Çin, Türkiyə və İrana satılır. Hətta zavodun havaya buraxılan tüstü tullantısını almaq üçün Yaponya şirkətləri Gürcüstana illik bir milyon dollar təklif edir.
Azərbaycanda da yuxarıda qeyd edilən təcrübələrdən hər hansı birinin tətbiqinə ehtiyac var. Maraqlıdır ki, ölkəmizdə bu qədər tullantı təkər olduğu halda Azərbaycan mineral sular üçün istifadə edilən kauçuk-rezini Gürcüstandan alır. Xatırladaq ki, Azərbaycan vaxtilə Qafqazın ən böyük şin zavodlarına sahib olub. Bir zamanlar böyük sayda şin istehsal gücü olan Bakı şin zavodu fəaliyyət göstərib. Nəzərə alsaq ki, Sumqayıt və Gəncə kimi iri şəhərlərdə də bu cür zavodlar fəaliyyət göstərib, deməli, bu gün Azərbaycan öz daxili tələbatını ödəməyə və hətta rezin - kauçuk ixracını gerçəkləşdirməyə qadirdir. Heasab olunur ki, bu istiqamətdə dövlət tərəfindən konkret addım atılmalı, yaxul da özəl sektorun bu sahədə stimullaşdırılması üçün müvafiq tədbirlər görülməlidir. Qeyd edək ki, hazırda satışda yeni və bir qədər köhnə, kameralı və kamerasız, radial və diaqonal, çıxıntılı və akvaprofilli şinlər vardır. Avtomobil təkərlərinin necə olmasından onun yolda davamlılığı, hərəkətin komfortluğu və sizin təhlükəsizliyiniz çox asılıdır. Bu mənada mütəxəssislər hesab edir ki, avtomobillərə daha çox yeni şinlər almaq məsləhətdir. Çünki onun istismar müddəti işlənmiş təkərlərə nisbətən çox olur.