İqlim dəyişikliyi Azərbaycanda tozlu hava problemi yaradır

1 Sentyabr 2018 10:00 (UTC+04:00)

Avqustun 30-dan ölkə ərazisində tozlu hava müşahidə olunur. Buna səbəb Azərbaycana şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.  Həmin gün havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından verilən məlumatda Bakı və Abşeron yarımadasında tozun miqdarı saat 10:00- 3, 13:00-da 5,4, 16:00-da 5,6, 19:00-da 6 dəfə sanitar normadan yuxarı olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından verilən məlumata görə, avqustun 31-i  gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarında nisbətən azalma müşahidə olunsa da, yenə də sanitar normadan 2 dəfə yuxarı olduğu qeydə alınıb. 

Qeyd edək ki, son illər Azərbaycanda tozlu hava tez-tez müşahidə olunur.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyir ki, son illərdə iqlim dəyişmələri ilə quraq keçən illərin sayı artır: “Belə proseslər əsasən ilin isti dövrünə təsadüf edir. Quraq keçən dövrdə tozlu hava daha çox müşahidə edilir. Xüsusilə də aprel ayından başlayaraq oktyabr ayınadək belə proseslər müşahidə edilə bilər. Bu il də Türkmənistan ərazisində müşahidə olunan toz burulğanı nəticəsində atmosferdə bərqərar olunmuş şərq-cənub şərq axınları ilə ölkə ərazisinə toz dumanı müdaxilə edib. Bu da atmosferin çirklənməsinə səbəb olub. Bu proses təbii bir prosesdir.

Tozlu havanın son illərdə ölkəmizdə tez-tez müşahidə olunması bir növ iqlim dəyişmələri ilə bağlı olan məsələdir. Məsələn, bu il dörd dəfə belə bir proses qeydə alınıb. Türkmənistandan dörd dəfə toz bizim əraziyə müdaxilə edib. İki belə hadisə aprel ayında baş verib, bir hadisə iyul ayında, dördüncü, yəni sonuncu hadisə isə bu gün də davam edən tozlu hava şəraitidir”.

Şöbə müdiri deyir ki, havada tozun miqdarının çox olması, hava kütlələrinin, proseslərin gedişindən, tozun miqdarından asılıdır: “ Düzdür, bu dəfə tozun miqdarında normadan xeyli yuxarı olan göstəricilər müşahidə olundu. Artıq gecə saatlarında küləyin istiqamətinin bir qədər dəyişməsi nəticəsində tozun konsuntrasiyasının miqdarında azalma müşahidə olunub. Səhər saatlarına olan məlumata görə, tozun miqdarı, göstəricilər təxminən normaya yaxınlaşıb. Günün ikinci yarısında isə  konsuntrasiyasının bir qədər artması ehtimalı hələ də qalır. Amma yenə də avqustun 30da müşahidə olunan göstəricilərə çatmayacaq”.

U. Tağıyevanın sözlərinə görə, səhra ərazilərində tozlu hava daha çox müşahidə edilir: “Bizə isə əsasən şər1-cənub-şərq axınları ilə Türkmənistandan, bəzi hallarda yaxın şərqdən tozlu havanın gəlir. Amma bu proseslər uzunmüddətli olmur. Toz burulğanı iki-üç gün ərzində müşahidə olunur. Ən çoxu isə dörd gün çəkə bilər. Böyük regionları əhatə etmək üçün bu cür hava şəraiti uzun müddətli olmalıdır”.

U. Tağıyeva deyir ki, bu, təbii proses olduğundan toz axının qarşısını hər hansı bir yolla almaq mümkün deyil: “Bəzən əhali arasında bunun tikinti. yaxud da hər hansı antropogen amillərlə bağlı olduğu barədə söz-söhbət dolaşır. Amma qeyd edim ki, tikinti ilə bağlı yaranmış toz local xarakter daşıyır, Abşeron yarımadasını tam əhatə etmir”.

Şöbə müdiri deyir ki, tozlu hava şəraitini mütəxəssislər peyk vasitəsilə müşahidə edirlər. O ki qaldı iki gündür müşahidə edilən tozlu havanın    

orqanizmimizə vurduğu zərərə, U. Tağıyeva deyir ki, toz dumanları müşahidə olunanda eyni zamanda atmosferə atılan zərərli maddələrin toplanması üçün əlverişli meteoroloji şərait yaranır: “ Buna görə də həmin vaxtlar toz-dumanı ilə yanaşı, digər zərərli maddələrin də havada artması insan orqanizminə əlavə risklər yaradır, əsasən də, tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkən insanlara mənfi təsir göstərir".

Həkimlər də tozlu havada tənəffüs yolları xəstəlikləri olan şəxsləri mümkün qədər açıq havada gəzməkdən çəkinməyə çağırır. Terapevt Emin Dadaşzadə deyir ki, xüsusilə bronxit astması olan xəstələrin tozlu hava nəfəs alması çətinləşir: “Onlarda oksigen çatışmazlığı yaranır. Bu da astması olan xəstələrdə boğulmaya gətirib çıxardır. Küləkli havada isə toz zərrəcikləri daha çox səpəlləndiyindən, hava küləkli olduqda belə xəstələrin açıq havada gəzmələri məsləhət deyil”.

E. Dadaşzadə xroniki allergik xəstəlikləri olan xəstələrin də bu hava şəraitində bir qədər ehtiyatlı davranmasının, açıq havada az olmasının məsləhətli olduğunu söyləyir.

Qeyd edək ki, meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin  2 gün davam edəcəyi gözlənilir.

 

Zülfiyyə QULUYEVA