Cənubi Qafqazda sabitliyin qorunması Türkiyə-Azərbaycan əlaqələrindən birbaşa asılıdır

1 Sentyabr 2018 11:00 (UTC+04:00)

Bu günlərdə Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının İnspeksiya və Qiymətləndirmə Baş İdarəsinin rəisi briqada generalı Faruk Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətinin, eləcə də Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın ölkəmizə son səfərləri Bakı-Ankara münasibətlərinin getdikcə dərinləşməsi və regionda bunun hər iki dövlətin mövqeyini gücləndirməsi baxımdan çox önəmli olub.

Yüksək rütbəli hərbçilərin səfəri Azərbaycan - Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokolunun müddəalarına əsasən həyata keçirilib. Yüksək çinli nümayəndə heyəti səfər çərçivəsində Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-mayor Zakir Ağayevlə görüşüb. Tərəflər əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıb, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

Dünyada gedən siyasi kataklizmlər fonunda iki ölkə hərbçilərinin müzakirə mövzusu nə ola bilər? Müşahidələr göstərir ki, günün aktual məsələləri sırasında xarici güclərin regiona terrorizmi sürükləməsi, Suriya bataqlığına ətraf ölkələrdən muzdluların cəlb edilməsi və sonradan həmin terrorçuları qruplarda birləşdirərək siyasi məqsədlər üçün geri göndərmələri, habelə hər iki ölkə üçün Qarabağ münaqişəsinin həlli məsələsinin vacibliyi yer tuta bilər. Çünki, Türkiyə tarixin dolaylarında uzun bir dövrdür ki, dünya siyasətinin orbitində yer alır. Onun razılığı və iştirakı olmadan hər hansı bir xarici dövlət regionda hərbi güc tətbiq edə bilmir, yox, kimsə buna gedirsə, uğursuzluğa düçar olur. Regiona, o cümlədən Cənubi Qafqaza isə göz dikənlər kifayət qədərdir. Ona görə ki, bu yerlərin var-dövləti və coğrafi mükəmməl mövqeyə sahib olması həddən ziyadə cəlbedicidir. Hazırkı dövrdə Cənubi Qafqazın liderliyi missiyasını daşıyan Azərbaycan da bu ərazidə dominantlıq edir. Lakin hücumlar günü-gündən artır. Bu səbəbdən eyni kökə, milli mədəniyyətə və siyasi strategiyaya malik Türkiyə və Azərbaycanın əlbir fəaliyyəti zamanın tələbi kimi zərurətdən yaranır. Bu mənada hərbi məsələlər üzrə yaxınlıq, məsləhətləşmələr, birgə fəaliyyət planlarının cızılması qanunauyğun və məntiqidir. Bunun bir səbəbi də düşmənlərin ümumi olmasıdır. 

Hərbçilərin ardınca Türkiyə Respublikasının Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətinin avqustun 28-də Azərbaycan Respublikasına səfərə gəlməsi eyni mövzuda, amma siyasi anlamda əlaqələrin daha da təkmilləşdirilməsi prosesini ehtiva edir. Təsadüfi deyil ki, jurnalistlərə müsahibəsində Binəli Yıldırım qeyd edib ki, Türkiyə Böyük Millət Məclisinin sədri seçildikdən sonra ilk səfərini dost və qardaş Azərbaycana edir.

Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirən parlament sədri deyib: “Azərbaycan və Türkiyə əlaqələri “bir millət, iki dövlət” şüarı ilə bütün sahələrdə sürətlə genişlənir. İki ölkə həm regional, həm də beynəlxalq məsələlərdə əməkdaşlıq edir. Bu səfərin ölkələrimiz, o cümlədən parlamentlərimiz arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə inanıram”.

Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər ən yüksək zirvədədir. Dövlət həyatının və ictimai əlaqələrinin elə bir sahəsi yoxdur ki, ölkələrimiz əməkdaşlıq etməsinlər. Azərbaycan və Türkiyə dünya siyasi arenasında bütün məsələlərdə eyni mövqedən çıxış edir, beynəlxalq təşkilatlarda bir-birlərinə daim dəstək verirlər.

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə  dövlətmizin başçısı Binəli Yıldırıma deyib ki, Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər. Bu,  yeni, daha güclü regional gücün ifadəsidir. Türkiyə prezidentinin, TRBMM sədrinin seçiləndən sonra ilk səfərlərini Azərbaycana və Azərbaycan prezidentinin və MM sədrinin ilk olaraq Türkiyəyə səfər etmələri “bir köynəkdə iki can” dair müdrik kəlamın həyati nümunəsi sayılmalıdır. Bu nümunə bütün Türk dünyası və əslində beynəlxalq birlik üçün bir örnəkdir.

N.NOVRUZ