Avtobus ödənişində dəyişiklik

30 Aprel 2012 22:35 (UTC+04:00)

Azərbaycanda Nəqliyyatın İntellektual İdarəetmə Sistemi yönündə nəzərdə tutulan bir neçə mərhələ artıq geridə qoyulub. Bu sahədəki texniki məsələlərin də yoluna qoyulduğu yayılan məlumatlar sırasındadır. Qarşıda hələ bir sıra planlar var ki, onların icrası yönündə işlər gedir.

Onlardan biri də Bakıda avtobuslarda gediş haqlarının ödənilməsinin avtomatlaşdırılmasıdır. Plana görə ödənişlər "cip" kartlarla həyata keçiriləcək. Həmin kartlardan metroda da istifadə etmək mümkün olacaq. Məlumatlara görə, bu ilin ikinci yarısından başlayaraq avtobuslarda ödənişlərin "cip" kartlarla verilməsi layihəsinə start veriləcək.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun sözlərinə görə, ictimai nəqliyyatda gediş haqqının kartlar vasitəsilə ödənilməsi planı var və yaxın zamanlarda onun icrasına start veriləcək: "Nəqliyyatın İntellektual İdarəetmə Sistemi çərçivəsində nəzərdə tutulan məsələlərdən biri məhz ödənişlərin həyata keçirilmə formasının avtomatlaşdırılmasıdır. Layihə tam hazırdır. Onun icrası ilə bağlı texniki məsələlər həll olunmalıdır. Kartlar universal xarakterli olacaq. Məsələn, metro kartları da bu məsələdə vətəndaşların işinə yarıya biləcək". Mətbuat katibi əlavə edib ki, ödənişlər birdən-birə kart sisteminə keçirilməyəcək: "Ənənəvi ödəniş üsulu saxlanılmaqla yeni forma tətbiq olunacaq. Bundan başqa şəhərin bir neçə yerinə, dayanacaqlara və s. məntəqələrə kartlara gedişhaqqı yükləmək üçün qurğular quraşdırılacaq".

Nəqliyyatçıların Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Natiq Əkbərlinin sözlərinə görə, ictimai nəqliyyatda gediş haqqının kartla ödənilməsi həm hökumətin, həm də vətəndaşların maraqlarına tam cavab verir: "Bu həm də ona görə yaxşıdır ki, sürücülər özbaşına qiymət artıra bilməyəcəklər. Onların fəaliyyətinə dövlət güclü nəzarət edə biləcək. Nəqliyyatın İntellektual İdarəetmə Sistemi işə düşəndən sonra həm avtobusların qrafiki qaydaya düşəcək, həm də maliyyə məsələlərinə nəzarət olunacaq. Bu gün əksər avtobus sürücüləri və marşrut şirkətlərə dədə-baba qaydasında - "planla" işləyirlər. Bundan sonra bu məsələ yığışdırılacaq. Nəqliyyat Nazirliyi və digər qurumlar Bakı şəhərində ictimai nəqliyyatın gəlir və xərcləri barədə tam məlumatlı olacaq. Burada mənimsəmə hallarının olub-olmamasını müəyyənləşdirəcək. Avtobuslarda ödənişlərin kartla həyata keçirilməsi xaosun qarşısını alacaq və sürücü-sərnişin münasibətlərini qaydaya qoyacaq".

N.Əkbərli hesab edir ki, gediş haqlarının birdən-birə kart sistemilə ödənişinin keçirilməsi düzgün deyil: "Bu mərhələli şəkildə olmalıdır. İnsanlara imkan vermək lazımdır ki, həm ənənəvi, həm də yeni qayda ilə gediş haqqını ödəsinlər. Əgər deyildiyi kimi həqiqətən də metro kartları ilə ödəniş həyata keçirmək mümkün olacaqsa, bu daha asan başa gələcək. Çünki insanların əksəriyyətində metro kartları var. Həmin kartlar avtobuslarda gediş haqlarının ödənilməsinə yarıyacaqsa, çox yaxşı".

N.Əkbərli ödəniş kartlarının bir üstünlüyünün də ödənişlərin əvvəlcədən icra edilməsində görür: "Yol pulunun axırda verilməsi qaydası sovet dövründən qalıb. Avropa ölkələrində gedişhaqqı əvvəlcədən ödənilir. Əgər bizdə də ödənişlər kartla həyata keçirilsə, bu zaman gediş haqqı qabaqcadan qapıların ağzına qoyulmuş aparatlar vasitəsilə ödəniləcək. Bunun özünə də nəzarət etmək lazımdır. Ödəmə aparatları avtobusların hər qapısının, ya birinci qapısının yanında quraşdırılacaq? Hər bir aparatın yanında xidmətçi duracaqmı? Onlara kim nəzarət edəcək? Bu məsələlər mənim üçün qaranlıqdır".

R.Qaçayoğlu

movqe.az