Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açacaq

4 Sentyabr 2018 13:39 (UTC+04:00)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümü sentyabrın 15-də "Qarabağnamə" tamaşası ilə açacaq.

Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, milli teatr ənənəvi olaraq mövsümü "Qarabağnamə" tamaşası ilə açır və bağlayır. Bu tamaşa Azərbaycan xalqının tarixi və bu günü ilə bağlıdır. Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

 

Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Rolları Xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, Sabir Məmmədov, Əjdər Həmidov, Əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əli Nurzadə, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Elşən Cəbrayılov, Anar Heybətov, Rövşən Kərimduxt və başqaları ifa edəcək.