TAP boru kəmərinin inşası üzrə işlərin 77,7 faizi icra olunub

4 Sentyabr 2018 14:23 (UTC+04:00)

Cənub Qaz Dəhlizinin tərkibinə daxil olan layihələrin icra vəziyyəti açıqlanıb.

Movqe.az xəbər verir ki, AZƏRTAC-ın sorğusuna cavab olaraq “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən (CQD) bildirilib ki, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin (“Şahdəniz-2”) işlənməsi üzrə avadanlıqlar və qurğular üzrə inkişaf bu ilin iyul ayının sonunadək 91,2 faiz, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə ümumi inkişaf 98,8 faiz təşkil edib: “İyulun axırına kimi Trans-Anadolu boru kəmərinin (TANAP) inşası üzrə işlərin 96,3 faizi, “Trans-Adriatik” boru kəmərinin (TAP) inşası üzrə işlərin isə 77,7 faizi icra edilib”.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır.

Bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Azərbaycan təbii qazının 2020-ci ilədək Avropaya çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli Sərəncamı əsasında yaradılan və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.