Ermənistanın yeni hökuməti çətin sınaqla üz-üzə qalıb

5 Sentyabr 2018 08:00 (UTC+04:00)

Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir. Məsələn, "Arminc Moly" şirkətinin işçiləri Ermənistana gətirilən malların nəqliyyat xərclərinin artırılmasından şikayətlənirlər. Bildirirlər ki, xərclərin artması kiçik və orta sahibkarlar üçün problemlər yaradıb. Digər sahələrdə çalışanların da əksəriyyəti etiraz edirlər. 

Qeyd edək ki, iqtisadi müstəvidə keçirilən bu etiraz aksiyaları Ermənistanın yeni hökuməti üçün növbəti bir sınaqdır. Bundan əvvəl “Qarabağ klanı”na məxsus məşhur simaların həbsi Nikol Paşinyan üçün demək olar ki, heç də uğurla nəticələnmədi. Belə ki, Moskvanın təhrikilə yeni hökumət sözügedən klanın həbs edilən üzvlərinin azadlığa çıxmasına mane ola bilmədi. İndi isə Paşinyana qarşı, belə görünür, artıq yerli sahibkarlar da çıxmağa başlayıb.   
Bu onun göstəricisi sayıla bilərmi ki,  Ermənistanda Nikol Paşinyan iqtidarının fəaliyyəti də iflasa uğrayıb? 
Politoloq Elşən Mustafayev bildirir ki, düşmən ölkədə iqtisadi müstəvidə baş qaldıran etiraz dalğası Paşinyan iqtidarının iflasa uğramasının başlanğıcı kimi dəyərləndirilə bilər: “Paşinyan baş nazir olandan sonra da məlum idi ki, qarşı tərəf  məcbur şəkildə hakimiyyətdən getdiyi üçün bütün vasitələrdən istifadə etməklə yeni hökumətə mane olmağa çalışacaq. Sözsüz ki, Paşinyan aşağı və orta təbəqədən olan xalq etirazları dalğasında hakimiyyətə gəlmişdi. Bu mənada digər qüvvələr maksimal şəkildə çalışacaq ki, Paşinyanı həmin dəstəkdən məhrum etsinlər.

 Amma bununla belə Serj Sarkisyan dövründə olan komandanın Paşinyanı neytrallaşdırmaq imkanlarının hələlik tam yetişdiyini də düşünmürəm. Bununla belə proses ona doğru gedir. Paşinyan bu etirazların qarşısını almasa, sözsüz ki, zaman-zaman etirazları genişləndirməklə indiki rejimə dəstək olan insanların onun ətrafından çəkinməsinə nail ola bilərlər. Hazırda ölkədə fəaliyyət göstərən iri şirkətlərin demək olar ki, hamısı məhz “Qarabağ klanı”nın hakimiyyəti dönəmində formalaşan biznes qurumlarıdır. Hansı ki, bu biznes qurumlarının da birbaşa olaraq hakimiyyətdən getmiş insanlarla əlaqəsi vardır. Yaranmış situasiyanın sonrakı gedişi Paşinyanın bundan sonra özünə qarşı olacaq bu kimi etirazlara  nə dərəcədə cavab verə biləcəyindən asılıdır. Hələlik isə köhnə qüvvələr sadə xalqın dəstəyini ala bilməyib, bu istiqamətdə sadəcə ilk cəhdlər göstərilir. Sözsüz ki, Ermənistanda cərəyan edən bu proseslərdə Rusiya faktoru da böyük rol oynayır. Moskva Paşinyana etibar etmir. Çünki onun Qərblə bağlı olduğunu bilir. Belədə revanş götürən qüvvələrə Rusiyanın dəstəyi ola bilər. 
Bir sözlə, Paşinyan əleyhinə proses başlanıb. Onun uğurlu olub-olmaması isə revanş götürən tərəfin fəaliyyəti, eyni zamanda hazırkı hökumətin onlara müqavimət göstərməsi səviyyəsindən də asılı olacaq. Hər şeyi zaman göstərəcək. Köçəryanla Xaçaturov həbs edilib sonradan buraxılsa da, köhnə klana bağlı bir çoxları hələ də həbsdədir. Paşinyan Dağlıq Qarabağ məsələsində isə özündən əvvəlki rəhbərlərdən fərqli bir fikir bildirməyib. Əksinə, bu məsələdə daha aqressiv mövqe sərgiləyir. O hətta Dağlıq Qarabağ ermənilərinin də danışıqlar prosesinə cəlb edilməsini tələb edir. Bunu da ona görə edir ki, Dağlıq Qarabağ problemilə bağlı üzərinə heç kim gəlməsin. Hələlik isə proses Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması səviyyəsinə gəlib çatmayıb. Hər halda Ermənistanda çox proseslərin şahidi ola bilərik. 
İndi Ermənistanda ən xaotik zamandır.
Rüfət NADİROĞLU