Paşinyan üçün Moskvada «qiyamət günü»

5 Sentyabr 2018 09:30 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, yaxın günlərdə prezident Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyi nəzərdə tutulur: “Yaxın zamanlarda prezident Putinlə baş nazir Paşinyanın daha bir görüşü planlaşdırılır. Düşünürəm ki, Ermənistanın yeni liderinin öz ölkəsində vəziyyətin inkişaf perspektivlərini necə qiymətləndirməsini eşitmək bizim üçün vacibdir. Əlbəttə, biz indiki vəziyyətdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)qarşısında öhdəliklərinin necə göründüyünə biganə qala bilmərik, belə ki, bu öhdəliklər qüvvəsindədir və onlar tam həcmdə icra edilməlidir, o cümlədən ümumi təşkilatımızımn nüfuzunun və imicinin möhkəmləndirilməsi baxımından”. 

Qeyd edək ki, Paşinyan hakimiyyətə gələndən sonra ilk dəfə Rusiya prezidenti Putinlə Soçidə görüşmüşdü. Bu müddət ərzində Ermənistanın yeni hökuməti daxildə Rusiyaya bağlı “Qarabağ klanı”nı zərərsizləşdirmək üçün bir sıra addımlarda bulundu. Belə ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, habelə hakimiyyətdən kənarlaşdırlan Serj Sarkisyanın yaxın qohumları, eyni zamanda KTMT-yə hazırda rəhbər təyin olunan Yuri Xaçaturov başda olmaqla bir sıra yüksək rütbəli generallar həbs edildi. Hansı ki, Paşinyanın bu addımları Moskvada narazılıqla qarşılandı. Nəticədə yeni erməni hökuməti Kremlə yaxınlığı ilə seçilən həmin şəxsləri buraxmalı oldu. 
Başqa bir tərəfdən, Paşinyanın hakimiyyətə gəlməsilə Ermənistanda qərbpərəst mövqe sahiblərinin vəzifə tutmaq imkanları artdı. Eyni zamanda, Ermənistanda Gümrüdəki rus hərbi bazasının ləğv edilməsi məsələsi də geniş vüsət almağa başladı. Hansı ki, düşmən ölkədə baş verən və Kremlin marağına zidd olan bu prosesləri Rusiyanın səssiz-səmirsiz, sakit tərzdə  qarşılayacağı da gözlənilən deyildi. Nəhayət, Rusiya xarici işlər nazirinin yuxarıda qeyd edilən açıqlaması onu deməyə əsas verir ki, Moskva Ermənistanın yeni hökumətinə münasibətdə artıq fəaliyyətə keçməyi düşünür, əgər onlar şimalın təyn etdiyi “qırmızı xətti” keçməyə cürət etsələr.
Lavrovun sözügedən açıqlaması fonunda demək olarmı ki, Paşinyan yenidən Moskvaya hesabat verməyə çağrılır?
Politoloq Natiq Miri düşünür ki, Moskvada olacaq bu görüşlə Kreml bir növ Paşinyan hökumətinin siyasətini qəti olaraq müəyyənləşdirməyi qarşıya məqsəd qoyub: “Əslində, Paşinyan Moskvaya hesabat vermək üçün çağırılmır. Bu görüşlə Moskva bir növ Ermənistanın yeni hökumətinin strateji siyasətini müəyyənləşdirməyi qarşısına məqsəd qoyur. Bu yöndə də təbii ki, Paşinyan ciddi şəkildə Moskvada sorğu-sual olunacaq. Bu şübhəsizdir. 
Bilirsiniz ki, Paşinyanın korrupsiya ilə mübarizə adı altında başladığı proses və həbs olunan oliqarx və digər siyasilərin hamısı bilavasitə Moskvanın dəstək verdiyi adamlardır. Rusiya məhz bu şəxslər vasitəsilə bu günə qədər Ermənistanı nəzarətdə saxlaya bilib. Həmin gücün zərərsizləşdirilməsi isə dolayısı ilə Rusiyanın Ermənistandakı təsirini tamamilə aradan qaldırmaq anlamına gəlir. Moskva da məhz buna görə narahatdır. Təbii ki, bu yöndə konkret suallar Paşinyana yönləndiriləcək və ondan ciddi cavablar tələb ediləcək. Kreml həmçinin strateji baxımdan gələcəkdə Paşinyan hökumətinin hədəfini də öyrənməyə çalışacaq və bu kontekstdə də onun mövqeyi öyrəniləcək. Məhz bundan sonra Rusiya Ermənistanın yeni hökumətilə bağlı ciddi şəkildə hərəkətə keçəcək. Bu kontekstdə təbii ki, Dağlıq Qarabağ problemi də müzakirə olunacaq”.
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, Ermənistanda cərəyan edən proseslər Moskvada ciddi narazılıq yaradıb: “Rusiya xarici işlər nazirinin Ermənistanda hakimiyyət dəyişikliyindən sonra bu ölkə ilə bağlı etdiyi bütün çıxışlarında açıq-aşkar İrəvana yönəlik xəbərdarlıqlar var. Bunu ermənilər də eşidir. Bir ara Paşinyan Rusiya dövlət başçısı ilə görüşdə Ermənistanın siyasi kursu və başqa mənalarda heç bir dəyişikliyin olmamasına onu inandırmağa çalışdı. Onun dediyini də Rusiyada eşitdilər. Amma demək bir şeydir, real proseslər isə ayrı. 
Görünür, Ermənistanda gedən real proseslərin məcrası Rusiyada narazılıq yaradır. O səbəbdən də ikinci bir xəbərdarlıq gəlib. Artıq İrəvana xatırladılır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısında öhədliklərini unutmasın. Rusiya tərəfindən Ermənistana münasibətdə sərgilənən bu son çıxışları yan-yana düzəndə hiss olunur ki, Kreml sözün həqiqi mənasında İrəvandan narazıdır. Yəqin ki, bütün bunlardan sonra ermənilər bundan nəticə çıxarmalıdır. Bu şəraitdə Rusiyanın Azərbaycanla münasibətlərinin xarakter və perspektivi haqqında edilən çıxışlar isə hər iki tərəfdən ən yüksək səviyyədə qiymətləndirilir. Yəni Ermənistanla bağlı situasiyada Rusiyanın qayğı və narazılığı fonunda, Moskvanın Azərbaycanla bağlı münasibətlərinin hazırkı mərhələsi və perspektivdə yaxşı mənzərəsi müşahidə edilir. 
Amma yenə də məsələlərə üzdən yanaşmaq olmaz. Ermənistan məsələsi çox qəliz məsələdir. Hər bir halda müəyyən çalarları ilə Ermənistandakı yeni situasiya təhlilçiləri daim düşündürəcək. Rusiya tərəfi sualı erməni tərəfinə verərək, cavab gözləyir. Baxaq görək, hadisələrin sonrakı inkişafı necə olacaq”.    
Rüfət NADİROĞLU