Qarabağ münaqişəsinin həllində ciddi irəliləyiş ola bilər

5 Sentyabr 2018 09:40 (UTC+04:00)

“İndi Ermənistanda ciddi dramatik dəyişikliklər yaşanır”. Bu sözləri Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini Darya Qrevçeva bildirib. Xanım Qrevçeva əlavə edib ki, Moskva Ermənistanın hazırkı rəhbərliyinin davranışlarından narazı olduğunu açıq şəkildə ifadə edir: “Azərbaycan  Ermənistanla de-fakto donmuş müharibə şəraitindədir. Odur ki, baş verənlər nəzərə alınsa, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində çox ciddi və dramatik dəyişikliklər baş verə bilər”. 

Göründüyü kimi, rusiyalı politoloq açıq mesajlar verir. Lakin yerli şərhçilər isə açıqlamaya fərqli yanaşırlar. Belə ki, bəyanatın Rusiyanın maraqları kontekstində olduğunu düşünənlər var. Lakin eyni zamanda tam həqiqət kimi dəyərləndirənlər də oldu. Yəni, münaqişənin çözümündə dramatik dəyişikliklərin baş verməsi istisna edilmir. Politoloq Adıgözəl Məmmədov bildirir ki, Darya Qrevçeva bunu deməklə Rusiyanın maraqlarından çıxış edir: “Bu bəyanat həmçinin Ermənistanın siyasi rəhbərliyinə mesajdır. Eyni zamanda Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistana səfər etməsi göstərir ki, Moskva narahatdır. Çünki Ermənistanın Qərbə meyillənməsi Rusiyanın regiondakı siyasi maraqları ilə üst-üstə düşmür. Ona görə də bu bəyanat Ermənistan siyasi rəhbərliyinə edilmiş xəbərdarlıqdır. Burada göstərilir ki, Dağlıq Qarabağ müharibəsi aktivləşə bilər. Əslində bu, kökü olmayan bəyanatdır. Hər kəs bilir ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Torpaqların geri alınması  Azərbaycanın siyasi rəhbərliyinin strateji xəttinə bağlıdır. Yəni, Rusiyada kiminsə bu fikri səsləndirməsi o demək deyil ki, Azərbaycan siyasi rəhbərliyi bu fikrə görə Dağlıq Qarabağda müharibəyə başlayacaq. Faktiki olaraq, Azərbaycan hər gün Ordusunu gücləndirməkdədir. Yəni, Ali Baş Komandanın istənilən anda verdiyi əmri müharibəni başlada bilər. Düzdür, hazırda donmuş müharibədir. Lakin donmuş müharibəni canlandırıb torpaqlarımızı azad etmək üçün gücümüz var. Həmçinin siyasi rəhbərliyin, xalqın iradəsi ortadadır. Sadəcə, ən münbit situasiyanı gözləyirik. Ola bilsin ki, bu, çox yaxın zamanlarda baş versin. Bu da Darya Qrevçevanın sözləri ilə üst-üstə düşə bilər. Ancaq o demək deyil ki, Darya Qrevçevanın sözü ilə Dağlıq Qarabağ müharibəsi aktivləşsin. Sadəcə, Azərbaycan siyasi rəhbərliyi münbit şəraiti gözləyir. Beynəlxaq geopolitik vəziyyət də buna imkan verməlidir ki, Azərbaycan hadisələri həm siyasi, həm də hərbi cəhətdən biri-birinə uyğunlaşdırıla bilsin. Yəni, Dağlıq Qarabağ müharibəsi istənilən halda aktivləşə bilər. Bu da BMT-nin müvafiq qətnamələrinə uyğun atılan addım olacaq”.
Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirir ki, Ermənistanda siyasi atmosferin gərginləşməsi, cəmiyyətdə siyasi qütbləşmənin dərinləşməsi davam edir: “Ölkə hakmiyyətinin qərbyönümlü siyasəti, Moskvaya qarşı siyasi demarşları açıq müstəviyə keçməklə, Moskvanın  İrəvana qarşı kontur addımlar atmasına səbəb olacaq. Hazırda Kreml N.Paşinyan hakmiyyətinə qəzəblidir. Eks-prezident Robet Koçaryanı dəstəkləməklə, güclü müxalifət formalaşdırmağa çalışır. Kreml Ermənistanda siyasi dramatikliyi dərinləşdirməklə, Koçaryana dəstək verəcək. Bundan əlavə, Paşinyan hakmiyyəti anti-Rusiya siyasətini davam etdirməklə, Moskvanın Azərbaycanla əlaqələrində yeni inkişaf meyilləri ortaya çıxarır. Kreml artıq Cənubi Qafqazda yalnız Azərbaycanla normal siyasi əlaqələrə malikdir. Əgər, Moskva ilə İrəvan arasında siyasi münasibətlər ziddiyyətləşərsə, bu, Qarabağ münaqişəsinin həllində yeni imkanlar aça bilər. Paşinyan hakmiyyəti növbəti seçkilərə kimi münaqişənin həllində maraqlı deyil. 2019-cu ildə keçirilən növbədənkənar seçkilərə kimi Moskva ilə anlaşma şəraitində siyasət aparması gözlənilmir. Həmçinin Ermənistan daxilindəki siyasi kataklizmlər münaqişənin diplomatik həllini sıfırlayır. İndi və yaxın perspektivdə Paşinyanın münaqişənin həlli ilə bağlı kokret siyasəti olmasa, rəsmi Bakının hərəkətə keçməsi aktuallaşa bilər. Regionda və beynəlxalq konyukturada hökm sürən böhran, konfliktin həllini labüd edir. Çünki, regionda destabilizasiyaya xidmət edən bu münaqişə, əlavə geostrateji problemlərə yol açır. Ona görə də Ermənistanda baş verən siyasi proseslər münaqişənin həllini yubatmamalıdır”.
Mübariz BAYRAMOV