Azərbaycana Türkmənistandan toz-dumanı daxil olub

5 Sentyabr 2018 16:25 (UTC+04:00)

Azərbaycan ərazisində toz-dumanı müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Movqe.az-a verilən məlumata görə, departamentin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, sentyabrın 5-ində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub. Buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 3,6 dəfə yuxarı olduğu qeydə alınıb.

Meteoroloji proqnoza əsasən, tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir.