Azərbaycan dəyərləri qitələri fəth edir

6 Sentyabr 2018 09:40 (UTC+04:00)

Bu günlərdə Amerika Sefard Federasiyasının icraçı direktoru Ceyson Qubermanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) qonağı olub. Bu gəliş təsadüfi səfər variantı deyil. Çünki, artıq neçə illərdir ki, Azərbaycanda keçirilən Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər ölkəmizi beynəlxalq multikulturalizm mərkəzi kimi tanıdır.  Bu gün multikultural dəyərlər sistemi Azərbaycanda dövlət siyasətinə hopub və bu, ictimaiyyət tərəfindən verilən sosial sifariş statusunu daşıyır. Çünki bu, azərbaycanlıların adi, normal həyat tərzidir. 

Azərbaycanın indiyədək keçirdiyi bütün beynəlxalq miqyaslı tədbirlər ölkəmizin böyük təskilatçılıq işi ilə bərabər, həm də ona görə uğur qazanıb ki, cəmiyyətimizdə irqi, milli, dini fərqlərlə yanaşmalara qəti şəkildə yol verilmir və humanitar, bəşəri prinsiplər birmənalı şəkildə üstünlük mövqedədir. Ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə çevrilib. Azərbaycanda tolerantlıq - irqi, milli, dini və bəşəri müstəvidə müxtəlifliyin vəhdəti kimi bu günün yerli və  qlobal tələblərinə cavab verir. Dərin təhlildə tolerantlıq Azərbaycan xalqının inkişaf etdirdiyi  demokratik dəyər səviyyəsinə yüksəlib.
Amerikalı qonaqlar BBMM-in fəaliyyəti, həyata keçirilən layihələr və ölkəmizdə uğurla davam etdirilən multikultural mühitin mahiyyəti ilə ətraflı tanış olublar. Prezident İlham Əliyev multikulturalizmin qorunub saxlanmasına böyük önəm verir. Azərbaycanda tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması dövlətimizin başçısının apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, həyat tərzidir. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək məqsədilə Azərbaycan multikulturalizmi fənni dünyanın iyirmiyə yaxın universitetində tədris olunur. BBMM-in doqquz ölkədə filialı var. 
Ölkəmiz sivilizasiyalararası dialoq məsələsində özünün tarixi missiyasını uğurla davam etdirir. Bununla bağlı dünyada böyük nüfuza malik olan siyasət, elm, din xadimlərinin, tanınmış beynəlxalq ekspertlərin iştirakı ilə paytaxtımız Bakı şəhərində əhəmiyyətli beynəlxalq tədbirlər keçirilir, qlobal miqyaslı məsələlərə dair ciddi müzakirələr aparılır, bəşəriyyətin bu gününü və gələcəyini maraqlandıran önəmli nəticələr əldə olunur. Digər tərəfdən, Azərbaycan mədəniyyətlərarası dialoqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə də öz töhfəsini verir. Ölkəmiz bütün dünyanı humanizm dəyərlərinə sədaqətli olmağa səsləyir. 
Prezidenti İlham Əliyev daim azsaylı xalqlara, milli-dini azlıqların nümayəndələrinə həssaslıqla yanaşır, onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirir. Dövlət başçısı respublikada bütün milli və dini azlıqların birgəyaşayışı üçün kifayət qədər tolerant mühitin olduğunu məmnunluqla bildirir. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımından zəngin olan Azərbaycanda indiyədək dini və milli zəmində heç bir qarşıdurma baş verməyib. Ölkədə rəsmi şəkildə 600-ə yaxın islam, 40-a qədər qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı ölkəyə çevirmiş, dünya miqyasında mədəniyyətlərarası dialoqun möhtəşəm nümunəsi etmişdir. 
Amerika Sefard Federasiyasının icraçı direktoru Ceyson Quberman rəhbərlik etdiyi nümayəndə heyəti  bir sıra qurumlarda, eləcə də bölgələrdə yaşayan yəhudi icmasının nümayəndələri ilə görüşlər keçirəcək, ölkəmizdə mövcud olan multikultural mühit, xalqımızın tolerantlıq ənənələri ilə yaxından tanış olacaqlar. 
N.NOVRUZ