Bu il Bakı məktəblərində 400 mindən şox şagird təhsil alacaq

6 Sentyabr 2018 11:57 (UTC+04:00)

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 442 147 şagird təhsil alacaq.

İdarədən  verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 47 000-dən çox, IX sinfində 30 139, X sinfində 21 102, XI sinfində 20 379, XII sinfində 690 şagird təhsil alacaq.

Bakıdakı 263 ümumi təhsil müəssisəsində 940 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 17 500-dən çox ərizənin onlayn qeydiyyatı (06.09.2018-ci il tarixinə saat 11:00-a olan məlumata əsasən) aparılıb. 2018-2019-cu tədris ilində 5 yaşlıların 75 faizi məktəbəhazırlığa cəlb ediləcək.

Avqustun 6-na (saat 11:00) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 46 420 sorğu yerləşdirilib. Onlardan 43 827-si ümumi təhsil məktəblərini, 2 593-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 98 faizinə yaxındır.

2018-2019-cu dərs ilində 217 məktəbdə 483 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.