Ətin baha qiymətə satılmasının maraqlı səbəbləri üzə çıxır
17 Aprel 2013 09:20 (UTC+04:00)
Məlumat verildiyi kimi ötən ay əhalinin qida rasionunun əsasını
təşkil edən ətin qiymətində bahalaşma baş verib. Dövlət Statistika
Komitəsinin açıqlamasına görə, qoyun ətinin qiyməti 0,7 faiz, quş
ətinin qiyməti isə 3,2 faiz artıb. Məlumat üçün bildirək ki,
hazırda Azərbaycanda ət məhsullarına olan tələbat təxminən 350 min
tondur.
Bunun 255 min tonu və ya 74 faizi yerli istehsalın hesabına
ödənilir, digər hissəsi isə xaricdən idxal edilir.
Ekspertlərin fikrincə, qiymətlərin aşağı düşməsi üçün ölkədə ət
istehsalı daha artırılmalı, bu sahədə nəzarət gücləndirilməlidir.
Elə bu günlərdə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz
Fərəcov da ət məhsullarının baha qiymətə satılmasından narazılığını
ifadə edib: "Ötən il ölkəyə 2420 baş, cari ilin 3 ayında isə 600
baş heyvan gətirilib. Bu gün bazarda ət məhsulları baha qiymətə
satılır. Qiymətə nəzarəti İqtisadi İnkişaf Nazirliyi yanında
Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət
Xidməti edir. Onlar da bu məsələyə ciddi nəzarət etməlidir. Biz
bunu deyəndə onlar bizdən inciyirlər. Eyni zamanda qiyməti qaldıran
alverçilər cəzalandırılmalıdır. Çünki qiymətləri qaldıran onlardır.
Hazırda mal ətinin qiyməti 5, qoyun ətinin qiyməti isə 6 manat
olmalıdır".
Lakin reallıqda bir kilo qoyun ətinin qiyməti 9 manata çatır, mal
ətinin qiyməti isə 7-8 manat arasında dəyişir. İqtisadçı ekspertlər
burada süni qiymət artımının olmasını vurğulayır. O baxımdan ətin
qiymətindəki artımlar, eləcə də ətin qiymətinin mövcud səviyyəsi
heç də bazarın diqtə etdiyi qiymət artımları deyil. Bu fonda
bildirilir ki, ətin qiymətinin azalması o zaman mümkündür ki, süni
baryerlər aradan qaldırılsın və ölkə daxilində ətin qiymətinin
bazar tərəfindən tənzimlənməsi həyata keçsin. Əks halda, təbii ki,
yüksəlmənin qarşısını almaq mümkün olmayacaq. Çünki ətin qiymətinin
süni şəkildə qorunub saxlanması həyata keçirilir. Burada isə əsas
rol bazara nəzarət edən inhisarçılara və daha çox qazanc götürməyə
çalışan alverçilərə məxsusdur. Satıcılar maya dəyəri baha başa
gəldiyindən əti baha satmağa məcbur olduqlarını deyirlər.
Qəssabların bəziləri bildirir ki, ucuz olsun deyə özləri gedib
rayondan diri qoyun alırlar. Satıcılar onu da vurğulayırlar ki,
ətin satışı qənaətbəxş deyil. Qeyd edirlər ki, inək, qoyun, quzu
ətinin qiyməti 10 ildə bəlkə 15 dəfə dəyişib. Məsələn, bir 10-15 il
əvvəl ətin kilosu 2-3 manat idisə, indi 6-10 manatdır.
Qiymətlərin yüksək olmasına əsas səbəb, son zamanlar daxili
istehsalda heyvandarlıqda yem kimi istifadə edilən həm otun, həm də
qüvvəli yemin - arpa, buğda, qarğıdalının qiymətinin qalxmasıdır.
Biz həm də ət idxal edirik. Kəsim üçün gətirilən iri buynuzlu mal -
qara daha çox Gürcüstandan olur. Ət biznesi ilə məşğul olan yerli
qəssabların dediyinə görə, onlar hər həftə diri mal-qara tədarük
etmək üçün ya kəndləri gəzib mal-qara axtarırlar, ya da mal-heyvan
bazarlarına üz tuturlar. Adətən kiçik çəkili danalar və quzular bir
az baha, iri heyvanlar isə nisbətən ucuz olur. Qəssablar iri
heyvanlara üstünlük vermir. Qiymət bahalaşdığından tələbat azalıb
və gün ərzində iri heyvanın əti tam satılmır. Bundan əlavə,
heyvanlara verilən yem baha olduğundan, ətin qiymətinə də təsir
edir. Bazar münasibətlərindən kənar görülən inzibati tədbirlər isə
əti qıtlaşdırır və bu ətin bahalaşmasına səbəb olur. Ekspertlər
bildirir ki, bu sahəni inkişaf etdirmək üçün möhkəm yem bazası
yaratmaq lazımdır. Bundan başqa ölkədə istifadə olunan yemin
keyfiyyəti yüksəldilməlidir. Eləcə də rəqabət mühitini artırmaq
lazımdır. Çünki bu gün biz 1 kq diri çəkini 4- 5 günə alırıq,
halbuki digər ölkələrdə həmin diri çəkini bir gündə alırlar. Bundan
başqa südlük istiqamətdə müəyyən cəhdlər olsa da, bizdə ətlik
istiqamətində cins mal - qara yox səviyyəsindədir. Belə olanda da
ət məhsullarına olan tələbatı kifayət qədər ödəməkdə çətinliklər
yaşanır. Hazırda Azərbaycanda adambaşına ət istehsalı təxminən 30
kiloqram təşkil edir. Halbuki region ölkələrində adambaşına ət
istehsalı 40-60 kiloqram həcmindədir. Bu mənada ölkədə ət
istehsalının artırılmasına ehtiyac var. Eyni zamanda süni qiymət
artımlarına qarşı nəzarəti gücləndirməlidir.