Netanyahu: İsrail İranın “iştirak etdiyi” hər yerdə olacaq

6 Sentyabr 2018 19:00 (UTC+04:00)

“İsrail İranın fəaliyyət göstərdiyi hər yerdə onun qarşısına çıxacaq”.

Musavat.com Associated Press agentliyinə istinadən xəbər verir ki, bu bəyanatı İsrail baş naziri Benyamin Netanyahu Qüdsdə verib.

Onun sözlərinə görə, İsrail Tehranın onlara qarşı istifadə edə biləcəyi yüksək dəqiqli silahlarına qarşı mübarizəsini davam etdirəcək. Bundan başqa, baş nazir Netanyahu “İranın qonşu Suriyadakı hərbi varlığını qəti olaraq təsbit etdirməsi”nə qarşı dirənəcəklərini söyləyib.

İran tərəfindən isə hələ ki, sakit açıqlamalar gəlməkdə davam edir.

İran İnqilab Keşikçiləri Korpusunun tərkibindəki 5 briqadadan sayılan, məşhur “Bəsic” hərbi birliyinin komandanı, briqada generalı Qulamhüseyn Heybpərvər ABŞ və İran arasında hərbi münaqişənin olması ehtimalını istisna edib.

 

İranın “Təsnim” agentliyinə danışan general Heybpərvər ölkənin dini lideri Əli Xameneyinin də hadisələrin inkişafının müharibəyə gətirib çıxarmayacağını söylədiyini qeyd edərək, ali rəhbərin bunun üçün “güclü arqumentlərə sahib olduğunu” bildirib.