Radikal dini təhdidlər Azərbaycan üçün keçərsizdir

6 Sentyabr 2018 09:15 (UTC+04:00)

Proseslər göstərir ki, Azərbaycanın sürətli inkişafını istəməyən bəzi qüvvələr təkcə siyasi deyil, dini müstəvidə də ölkəmizə təsir etməyə çalışırlar. Amma hadisələr bu istiqamətdə də təsir cəhdlərinin iflasa uğradığını sübut edir. Belə ki, kənar dini təsirlərə dövlətlə yanaşı, cəmiyyətin də yüksək müqavimətini müşahidə edirik. Siyasilər bunu şərtləndirən bir çox səbəblərin  olduğunu qeyd edirlər. 

Politoloq Elçin Mirzəbəyli bildirir ki, Azərbaycan cəmiyyəti tolerant cəmiyyətdir: “Azərbaycan dövlətinin yürütdüyü siyasət nəticəsində bu, model olaraq ortaya qoyulub. Həm də bütövlükdə tarix boyu Azərbaycan xalqı ayrı-ayrı xalqlara dözümlülük prinsipi əsasında yaxınlaşıb. Dəyərlərini cilalıyaraq bu günə yüksək səviyyədə gətirib çıxartmağı bacarıb. Bu, müasir dövr üçün çox önəmli faktorlardan biridir. 
Digər tərəfdən, müsəlman Şərqində ilk dünyəvi dövlətin meydana gəlməsinə zəmin yaratdı. Bu da təkcə Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz coğrafiyası üçün deyil, bütövlükdə müsəlman Şərqi üçün önəmli mesaj xarakteri daşıyır. Bu baxımdan xalqımızın dövlətçiliyə, öz əməllərinə münasibətdə prinsipiallıq nümayiş etdirməsi təsadüfi deyil. Bu, xalqımızın əsrlər boyu formalaşmış dünya görüşünə söykənən aspektdir. Digər tərəfdən, Azərbaycan xalqı dövlətini sevir, onun dəyərini bilir. Bu dövlətin formalaşması uğrunda mücalidə ediblər. Müstəqilliyin nə olduğunu çox yaxşı başa düşürlər. Təsadüfi deyil ki, bu dünya görüşü son 100 il ərzində təkcə Azərbaycan xalqının milli şüurunun formalaşmasında deyil, türk xalqlarının milli şüurunun formalaşmasında müstəsna rol oynayıb. Odur ki, xalqımızın sərgilədiyi bu mövqe təsadüfi sayıla bilməz. Prinsipiallıq ənənələrə söykənən prinsipiallıqdır”. 
Digər siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, Azərbaycanda ənənəvi olaraq, daha çox 3 dinə - iudaizm, xrsitianlıq və İslama inananlar var: “Keçmiş sovetlər dövründə Azərbaycanda  xristinalığın pravoslav, İslamın isə şiə və sünni məzhəblərinin tərəfdarları var idi. SSRİ dağıdıqdan sonra dinlə bağlı da fərqli mənzərə yaranmağa başladı. Xristianlıq və İslamın müxtəlif cərəyanlarının təmsilçiləri oldu. Bunu da təbii qəbul etmək lazımdır. Ziyanlı və təhlükəlisi isə belə cərəyanların nümayəndələrinin öz dövlətinə və həmvətənlərinə qarşı çıxış etməsidir. Heç kim “yalnız mən deyən düzdür” prinsipini qəbul etmir. Təəssüf ki, bəzi dinin cərəyanların nümayəndələri özlərini məhz bu sayaq aparır. 
Hüquqi müstəvidə bu sayaq davaranışlar qanun pozuntusu olduğu kimi, cəmiyyət də bu kimi hallara laqeyd qalmamalıdır. Çünki elə məsələlər var ki, o, qanunlar deyil, ictimai qınaqla həll edilir. Ziyanlı cərəyanların yaratdığı problemlərlə Azərbaycanın hər bir vətəndaşı üzləşə bilər. Ona görə də bəzi belə zərərli ideyaların böyüyüb, cəmiyyət üçün problemə çevirilməməsi üçün cəmiyyət bəri başdan onları icitmai qınaqla zərərsizləşdirməlidir”. 
Politoloq əlavə etdi ki, dini ayinlərin və tədbirlərin keçirilməsində özünü başqa dövlətlərə oxşatmaq da cəmiyyəti eybəcərləşdirir: “Belə eybəcərliyin qarşısının alınmasında da cəmiyyət ayıq-sayıqlığını gərək itirməsin. Çünki həmin tədbirlərin təşkilatçıları daha çox xarici qüvvələrin tapşırıqlarını yerinə yetirirlər. Bu halda Azərbaycan vətəndaşı həmin oyunların oyuncağına çevirilir. Başqalarının, yadların və bir çox hallarda Azərbaycanı sevməyənlərin vətəndaşlarımızdan öz çirkin məqsədiləri üçün istifadə etmələrinin qarşısının alınmasında cəmiyyətmiz həmrəylik nümayiş etdirməlidir. Çünki yadların ölkəmizə din adı altında gətidikləri və təşkil etdiklər tədbirlər daha ziyanvericidir. Bunların vicdan azadlığı və insan azadlığı ilə heç bir əlaqəsi yoxdur”.
Mübariz BAYRAMOV