Xarici serialların yayımının dayandırılması Azərbaycan üçün itki olmayacaq

30 Aprel 2012 22:41 (UTC+04:00)

Azərbaycan telekanallarında əcnəbi serialların yayımı üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) qoyduğu müddət artıq başa çatıb. Bu gündən ölkə telekanallarında əcnəbi serialların yayımı dayandırılıb. Prezident Administrasiyasının (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov SİA-ya açıqlamasında deyib ki, əvvəla, Azərbaycanın milli teleseriallarının ölkədə nümayiş oluna biləcəyi yeganə yer Azərbaycanın televiziya ekranlarıdır: "Mən təsəvvürümə gətirmirəm ki, ən azı yaxın 5 ildə bizim çəkdiyimiz teleseriallar xarici ölkələrin efir məkanına çıxsın. Bu efir məkanlarına bir qayda olaraq dünyada artıq müəyyən mərhələni keçmiş və ciddi şəkildə imic qazanmış ekranlarda məşhurlaşan filmlər tutur. Ona görə də bizim milli seçimimiz yalnız milli ekranlarımızda ola bilər. Bəs, dövlət milli serialların çəkilişinə nəyə görə dəstək verir? Cənab prezidentin xüsusi sərəncamı ilə bu sahəyə vəsait ona görə ayrılıb ki, biz dünyanın heç bir xalqından, millətindən və televiziyasından geri qalmaq istəmirik. Geri qalmamaq üçün də mütləq şəkildə bizim milli ruhda çəkilmiş seriallarımız və filmlərimiz olmalıdır. Azərbaycan teleməkanı yeganə yerdir ki, orada biz öz milli mentalitetimizi, milli filmlərimizi, mədəniyyətimizi inkişaf etdirə bilərik və əhalimizin milli ruhda bundan sonra da yaşamasını təmin edə bilərik".

PA rəsmisi bildirib ki, ölkə televiziyalarında xarici serialların yayımının dayandırılması vətəndaşlar üçün problem yaratmayacaq. Belə ki, Azərbaycanın kabel televiziyasında, o cümlədən sputnik televiziya sistemində dünyanın istənilən kanalına sərbəst şəkildə baxmaq imkanı var: "Azərbaycanda sərbəst internet və teleradio yayım sistemi var. Ona görə də biz milli televiziyalarımızda teleserial çəkilişini və yayımını stimullaşdırırıq, dəstəkləyirik. Əgər insanlar digər teleseriallara da baxmaq istəyirsə, biz o seçim imkanlarını da məhdudlaşdırmırıq. Buyurub başqa televiziyalarda baxa bilərlər. Bu, Azərbaycan üçün itki olmayacaq, olmamalıdır və bunun olmasına da imkan vermək olmaz".