İllik vergi bəyannamələrinin təqdim edilməsi başa çatıb

17 Aprel 2013 11:17 (UTC+04:00)

Vergi Məcəlləsinə əsasən hər ilin yanvar-mart ayları ayrı-ayrı tədiyyələr üzrə bəyannamə və hesabatların vergi orqanlarına təqdim edilən dövrü hesab olunur. Vergi bəyannamələrinin vaxtında təqdim edilməsi ilə yanaşı, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin də 01.01.2013-ci il tarixdən qüvvəyə mindiyini nəzərə alaraq, cari ilin əvvəlindən etibarən vergi orqanları tərəfindən geniş məlumatlandırma və izahat işləri aparılıb, vergi ödəyiciləri ilə görüşlər keçirilib. 


Mövqe.az-ın Vergilər nazirliyindən aldığı məlumata görə, cari ilin yanvar-mart aylarında ümumilikdə vergi orqanları üzrə vergi ödəyiciləri ilə 264 görüş və treninq keçirilib, 2 min 759 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi orqanlarında 23 min 224, xidmət mərkəzlərində 29 min 34 vergi ödəyicisi qəbul edilərək onlara aidiyyəti xidmətlər göstərilib.


2012-ci ilin yekunlarına görə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan illik vergi bəyannamələrinin 96,2%-i, mənfəət vergisi bəyannamələrinin 95,1%-i, gəlir vergisi bəyannamələrinin 97,8%-i, yol vergisi bəyannamələrinin 94,3%-i, əmlak vergisi bəyannamələrinin 90,3 %-i vaxtında təqdim edilib. 


Hesabat dövrünün yekunları üzrə yanvar-mart aylarında təqdim edilməli olan 312 min 91 bəyannamənin 96,8%-i vaxtında təqdim edilib, onlardan 94,3%-i elektron formada olub.