Azərbaycan idmançısı III Dünya Köçəri Oyunlarında qızıl medal qazanıb

6 Sentyabr 2018 22:15 (UTC+04:00)

Azərbaycan idmançısı Cəlal Süleymanov (60 kq) Qırğızıstanın ev sahibliyi etdiyi III Dünya Köçəri Oyunlarında milli güləş növü üzrə yarışda qızıl medal qazanıb.
Movqe.az bildirir ki, AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, finala vəsiqə uğrunda qazaxıstanlı rəqibinə qalib gələn Cəlal Süleymanov bu gün keçirilən həlledici görüşdə Qırğızıstan təmsilçisini məğlubiyyətə uğradaraq qızıl medala sahib olub. 

Qızıl medalı güləşçimizə III Dünya Köçəri Oyunlarına Azərbaycandan qonaq kimi dəvət edilən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli təqdim edib.
Azərbaycandan dəvət olunan nümayəndə heyətinin digər üzvləri - Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov da fəxri kürsüdə yer alan idmançılara medallar təqdim ediblər. 
“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev də yarışları izləyirlər.
Beləliklə, Azərbaycan milli komandası III Dünya Köçəri Oyunlarında qazandığı medalların sayını 14-ə çatdırıb. Medalların 1-i qızıl, 5-i gümüş, 8-i bürüncdür.