İkili standartlar Ermənistanda repressiya dalğasını genişləndirir

14 Sentyabr 2018 08:00 (UTC+04:00)

Məlumdur ki, Prezident İlham Əliyev sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edib. Görüşdə müzakirə edilən əsas məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olub. Həmçinin regional təhlükəsizlik, demokratik inkişaf, nəqliyyat, iqtisadi əməkdaşlıq ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bundan başqa, Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib. Amma siyasilərin fikrincə, ATƏT-in və digər beynəlxalq qurumların Ermənistanda siyasi repressiyaya qarşı hərəkətə keçməsi mümkün görünmür. Onların yenə də ikili standartlardan çıxış etmələri ehtimalı böyükdür.  
Politoloq Elçin Mirzəbəyli bildirir ki, cənab Prezident Ermənistanda baş verən proseslərin tam mahiyyətini çılpaqlığı ilə ATƏT-in baş kaitibinə təqdim etdi: “Mesajlarla baş verənlərin əsl mahiyyəti ortaya qoyuldu. Məsələnin önəmli cəhətlərindən biri də ondan ibarətdir ki, Nikol Paşinyanın demokrat olması barədə onun ətrafında rəy formalaşdırmağa cəhd göstərilir. Lakin onun davranışları və atdığı addımlar demokratiyanın prinsiplərinə, insan hüquqlarına ziddir. Davranışlarında rəqiblərinə qarşı təqibçilik həyata keçirir. 
Eyni zamanda, onlardan faktiki olaraq, qisas alır. Bu da bir hüquqi dövlət üçün qətiyyən yolverilməzdir. Ermənistanın hüquqi dövlət olmadığı anlayışını ortaya qoyur. Onun atdığı addımların mahiyyətini önə çıxaran amillərdən biri də Ermənistan konstitusiyasında dəyişiklik etməyə cəhd göstərməsidir. Mövcud konstitusiyanın tələblərinə uyğun olaraq, Ermənistanda baş nazir seçkilər elan edildiyi gün istefaya getməlidir. Lakin N.Paşinyan bu şərtlə razı deyil. Bunu özünün nəzarəti altında keçirilməsinə cəhd göstərir. Ermənistan konstitusiyası imkan verir ki, bu qanuna parlamentdə 2/3 səs çoxluğu ilə dəyişiklik edilsin. Paşinyan isə hətta seçkidə səs toplaması üçün parlamentdəkiləri şantaj edir. Onlara qarşı təqiblər həyata keçirilir. N. Paşinyan seçkilərin Armen Sarkisiyanın rəhbərliyi ilə keçirilməsini qəbul etmir. Seçkilərə müdaxilə etmək üçün hakimiyyəti əlində saxlamağa cəhd göstərir. Bütün bu amillər Paşinyanın diktatura rejimi formalaşdırmağa cəhd göstərdiyini açıq şəkildə ortaya qoyur. Bu aspektdən ATƏT və digər beynəlxalq qurumlar bu qeyri-qanuni davranışlara öz münasibətini bildirməlidirlər. Təbii ki, ikili standartla davam edəcəksə, bu, demokratiya anlayışına növbəti zərbə vuracaq. Onsuz da nüfuzuna kifayət qədər zərbə dəymiş ATƏT və digər beynəlxalq təşkilatlara etibarın itməsinə zəmin yaradacaq”. 
Digər siyasi şərhçi Tofiq Abbasov bildirdi ki, qarşıda BMT-nin Baş Assambleyasının iclası gəlir: “Orada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü gözlənilir. Ancaq faktiki olaraq, hazırda Ermənistanda xaosun artmasını müşahidə edirik. Represiyya, təqiblər özünü göstərir. Bu, o deməkdir ki, hazırda Ermənistanın daxili siyasətində böyük qırıntılar yaşanmaqdadır. O baxımdan Ermənistan tərəfindən Qarabağ məsələsində nələrsə gözləmək çətindir. 
Ölkə daxilində inqilabi vəziyyət durmadan çalxalanır. Belə bir ölkədən praqmatik siyasət gözləmək olmaz. Artıq beynəlxalq institutlar da bu vəziyyətlə barışmırlar. ATƏT-in sədrinin, baş katibinin bölgəyə gəlməsi problemin həlli baxımından çox vacibdir. Bu səviyyədə olan şəxslər hadisələrlə yerindəcə tanış olmalıdırlar. Ancaq ATƏT diqqətini daha çox Ermənistana yönəltməlidir. Ermənistana başa salınmalıdırlar ki, onların tutduğu yol günün tələbi ilə uzlaşmır. Bir yandan Qarabağ problemi yaradıb, digər tərəfdən də ölkəni xaos bürüyüb.  Burada yaranmış qeyri-müəyyən vəziyyət yeni risklərdən başqa nəsə vəd etmir. Yəni, Azərbaycan rəhbəri ATƏT-in baş katibinə reallıqları çatdırıb”.
Mübariz BAYRAMOV