Azərbaycan Avropanın enerji təhlükəsizliyinə yeni mühüm töhfələr verir

14 Sentyabr 2018 09:00 (UTC+04:00)

"Azərbaycanın təbii qaz hasilatının həcmi qarşıdakı 20 il ərzində 3 dəfə artacaq". Bu barədə Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol bildirib. O, əlavə edib ki, Azərbaycan təbii qaz və neft sahəsində önəmli iştiralçılardan biridir: “Azərbaycanın hazırkı təbii qaz hasilatının (illik 18 milyard kubmetr) 20 il ərzində 3 dəfə artaraq illik 55 milyard kubmetrə çatacağını düşünürük. Bu, həm Azərbaycan iqtisadiyyatı, həm də onun təbii qaz ixrac edəcəyi ölkə üçün çöx önəmlidir. Çünki Azərbaycan illər boyu enerji ilə siyasəti bir-birinə qarışdırmayaraq etibarlı tərəfdaş olduğunu göstərib”. 

Ekspertlərin sözlərinə görə bu, qarşıdakı dövr ərzində Azərbaycanın qaz bazarında da əsas oyunçulardan birinə çeriləcəyinin göstəricisidir. Bu hal isə ölkəyə iqtisadi üstünlüklərlə yanaşı, siyasi dividendlər də gətirir. Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirdi ki, Azərbaycan bu gün regionda ən nəhəng transmilli layihələrin həm müəllifi və həm də icraçısıdır: “Bu layihələr içərisində ölkəmizin neft və qaz ehtiyatlarının istifadəyə verilməsini və onların Avropa bazarına çıxarılmasını ehtiva edən, dünyaya səs salan əsrin müqavilələri adını almış Bakı-Tiflis-Ceyhan boru neft kəmərini və “Şahdəniz 2” qazını həmin məkana daşıyacaq “Cənub Qaz Dəhlizi” layihəsi xüsusi qeyd olunmalıdır. 
Azərbaycanın qaz ehtiyatları 2,6 trliyon kubmetrdir. Bu, kifayət qədər böyük bir ehtiyatdır. Biz hazırda il ərzində onun çox cüzi bir hissəsini hasil edirik. “Cənub Qaz Dəhlizi” layihəsi işə düşəndən sonra hasilat təxminən bu qədər də artacaq. Sonrakı illərdə yeni işləmələr hesabına qaz yataqlarından çıxarılacaq mavi yanacağın həcminin daha da artırılması baş verəcək. Nəticə etibarilə Azərbaycan ən azından TANAP və TAP xətləri vasitəsilə Avropanın cənub hissəsində yerləşən ölkələrin qaz təchizatının şaxələndirilməsi işində əsaslı dönüşə imza ata biləcək. 
Digər tərəfdən, qazın ixracından ölkəmizin əldə edəcəyi valyutanın həcmi əhəmiyyətli dərəcədə artacaq ki, bu da qarşıdakı illərdə bizə ölkə iqtisadiyyatını yeni innovativ texnologiyalar əsasında hərtərəfli inkişaf etdirməyə imkan verəcək. Azərbaycan iqtisadiyyatının güclənməsi isə ölkəmizin siyasi çəkisini də kifayət qədər artıracaq. Bir sözlə, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində tutduğumuz bu doğru yolun bizə bəxş edəcəyi dividendlər Ermənistan kimi bir işğalçı dövlətin çöküşü olacaq”.
Mübariz BAYRAMOV