Elmar Məmmədyarov Tomas Melianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

17 Aprel 2013 16:01 (UTC+04:00)


Bu gün nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Mövqe.az-ın Xarici İşlər Nazirliyindən aldığı məlumata görə, görüşdə regionda baş verən hadisələr, eləcə də demokratiya, insan haqları və söz azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.

 

Nazir Elmar Məmmədyarov demokratiya, insan haqları, eləcə də söz azadlığı sahəsində ölkəmizdə aparılmış islahatlar və əldə edilmiş uğurlardan bəhs edib. 

 

Tomas Melia ABŞ-ın Azərbaycanla adıçəkilən sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib. 

 

Nazir Elmar Məmmədyarov, həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların son vəziyyəti barədə qonaqlara qısa məlumat vermiş və rəsmi Yerevanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayındığını bildirib. Nazir eyni zamanda ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması prosesində aktivliyinin artırılmasının vacibliyini qeyd edib və münaqişənin bu günə kimi həll edilməməsinin regionun təhlükəsizliyi üçün böyük bir təhdid olduğunu vurğulayıb. Azərbaycanın xarici işlər naziri beynəlxalq ictimaiyyəti münaqişənin həllində daha qərəzsiz, ədalətli və obyektiv mövqe tutmağa çağırıb.