Peşə təhsilinə maraq qənaətbəxş sayılmır

15 Sentyabr 2018 10:00 (UTC+04:00)

Bu gün ali təhsil almış mütəxəssislərlə yanaşı, peşə təhsili alaraq ixtisaslaşmış şəxslərə də tələbat çoxdur. Əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir. Amma orta məktəb məzunlarının böyük hissəsinin peşə təhsilinə marağı azdır. Buna səbəb nədir? Peşə təhsilinə marağın az olmasına səbəb nədir? Bu məsəəl necə həllini tapa bilər?  

Təhsil eksperti Kamran Əsədovun fikrincə, Azərbaycanda peşə təhsilinə marağın az olmasının kökündə sonradan oranı bitirənlərin işlə təminatı məsələsində yaranan çətinliklərlə bağlıdır: “Sovetlər dönəmində orta məktəb məzunları daha çox peşə təhsili müəssisələrinə meyllənirdilər. Çünki bilirdilər ki, sonradan onların işlə təminat məsələsi rahat idi. Həmin zamanlar zavod və fabriklərin çoxluğu nəticə etibarı ilə onların işlə təminatına imkan verirdi. Amma Azərbaycan müstəqillik əldə etdikdən sonra təəssüf ki, peşə təhsili müəssisələri öz fəaliyyətini dayandırdı. Bir çox belə müəssisələrdə  məcburi köçkünlər tərəfindən məskunlaşma həyata keçirildi. 
Sonradan bu sahəyə maraq ona görə azaldı ki, peşə təhsilinə yiyələnən insanların işlə təminatı çətin məsələyə çevrildi. Ancaq 2010-cu ildə Azərbaycan Prezidentinin sərəncamına əsasən Peşə Təhsili Agentliyi yaradıldı. Bu andan həmin sahəyə xüsusi diqqət ayrılmağa başlanıldı. Bu günə qədər 107 peşə təhsili müəssisəsi fəaliyyət göstərirdi ki, orada da 25 mindən çox tələbə təhsil alırdı. Amma onların fəaliyyəti demək olar ki, görünmürdü. Ona görə ki, peşə təhsili müəssisələrinin texniki bazası çox aşağı səviyyədədir. Burada mövcud olan infrastruktur dövrün tələblərinə cavab vermir. Bu da nəticə etibarı ilə sonda insanların həmin sahəyə meylini azaldır. Yəni, bu müəssisələrdə dövrün tələblərinə cavab verməyən keçən əsrin 70-80-ci illərin kitabları, avadanlıqları, resursları istifadə olunurdu. Lakin son illər ərzində 5 yeni texniki peşə müəssisəsi açıldı, yeni ixtisaslar yaradıldı. 
Digər tərəfdən, bu sahəyə marağın yaranması üçün iri şirkət və koorporasiyaların peşə təhsili müəssisələrilə əməkdaşlıq etməsi vacibdir. Onların sifarişinin artması bu sahəyə marağı artıra bilər. Yəni, əmək bazarı ilə əməkdaşlıq olmalıdır. Düşünürəm ki, digər vacib məqam peşə  təhsili müəssisələrində təhsil alan insanların təhsil dövründə hərbi xidmətdən azad edilməsi məsələsidir. Əsas odur ki, işlə təminatda problem yaranmazsa, gənclərimiz bu sahəyə daha çox meyl edəcək. 
Təsəvvür edin, orta məktəbləti hər il orta hesabla 90 min gənc bitirir, onların da 40 mini ali məktəblərə qəbul olunur. Cəmi 15 mini orta ixtisas müəssisələrinə qəbul edilir. Halbuki müasir standartlara, əmək bazarının tələblərinə uyğun şəkildə peşə təhsil müəssisələrinin keyfiyyətini artırsaq, bu sahəyə meyl çoxalar. Qəbul prosesi artıq şəffafdır, proses elektron qaydada həyata keçirilir. Lakin ən ciddi addım onların işlə təminatının faizinin yüksəldilməsidir. Bu gün 54 ali məktəbdə 164 min tələbə təhsil alır. 4 ildən sonra onların 42 faizi işlə təmin olunur. Amma peşə təhsil müəssisələrində təhsil alanların işlə təminatı məsələsi 90 faizdir. Sadəcə, bu istiqamətdə maaarifləndirmə aparılmalıdır ki, əmək bazarında peşə təhsilli insanlara ciddi ehtiyac vardır”. 
Təhsil eksperti Məlahət Mürşüdlü isə bu qənaətdədir ki, gənclərin texniki peşə təhsilinə marağının az olması maarifləndirmə işinin zəif aparılmasının nəticəsidir: “Peşə təhsililə bağlı qanun qəbul edilib. Bununla bağlı Təhsil Nazirliyi nəzdində məxsusi olaraq agentlik yaradılıb. Bu istiqamətdə müxtəlif xarici ölkələrin təcrübəsi öyrənilir. Maddi-texniki təminatın üasir tələblər səviyyəsində qurulması, peşə təhsilinin məzmunu, müəllim və usta kadrların seçilib yerləşdirilməsi istiqamətində son 3 ildə bir sıra vacib tədbirlər həyata keçirilib. İndi bu fonda Bakı şəhərində həmin tələblərə cavab verən barmaqla göstəriləcək müasir tipli texniki peşə təhsil müəssisələrimiz var. Bununla belə, orta məktəb məzunlarının peşə təhsilinə marağının hələ də az olması problem olaraq qalır. 
Şagirdlər peşə təhsili almağa hələ də ciddi şəkildə maraq göstərmirlər. Bu da ondan qaynaqlanır ki, orta məktəblərdə peşə təhsili istiqamətində maarifləndirmə işi zəif aparılır. Belə maarifləndirmə işini tək aprel-may aylarında deyil, bütün il ərzində aparmaq lazımdır. Müxtəlif sərgilər keçirilməli, şagirdlərin texniki peşə məktəblərinə ekskursiyası təşkil edilməlidir. Yəni, maarifləndirmə tədbirləri ilboyu davam etdirilməlidir. İndiki halda isə bu istiqamətdə görülən işlər yetərincə deyil. Bu sahədə işlər sistemli şəkildə aparılmalıdır ki, gənclərdə ona motivasiya yaransın və sahəyə istədiyimzi axın baş versin. Həmçinin, peşə məktəbini bitirənlərin işlə təminatı məsələsi zəmanət altına alınmalıdır. Bunun üçün də texniki peşə məktəbləri iş adamları, müəssisələrdlə müqavilələr bağlamalıdır. 
Yəni, işlə təminat məsələsinə zəmanət verilməlidir. İndilikdə isə belə bir zəmanət olmadığından şagirdlər də peşə təhsilinə meyl etmir. Həmçinin təhsil dövründə peşə məktəblərində oxuyanlara da tələbə təqaüdləri verilməlidir».
Rüfət NADİROĞLU