Ermənistan iqtidarının korafəhmliyi Qarabağda yeni savaşı tətikləyir

15 Sentyabr 2018 11:00 (UTC+04:00)

Hadisələrin gedişi göstərir ki, işğalçı Ermənistanın hazırkı iqtidarı Dağlıq Qarabağ probleminin sülh yolu ilə çözülməsində maraqlı deyil. İqtidara yiyələnən kimi Nikol Paşinyanın atdığı ilk addımlardan görünür ki, bu şəxs ümumiyyətlə, danışıqlar masası arxasında oturmaq niyyətində deyil. 

Paşinyanın münaqişə ilə bağlı sərsəm fikirləri Ermənistanın hamisi olan Rusiyada da heç də yaxşı qarşılanmır. Belə ki, getdikcə daha çox rusiyalı ekspert və siyasətçi Paşinyanın mövcud addımlarının Ermənistanı daha dərin uçuruma apardığını bildirirlər.  
Siyasi icmalçı Azər Həsrət bildirdi ki, Paşinyan mövcud davranışını davam etdirəcəyi təqdirdə, Azərbaycan məcburiyyət qarşısında qalıb Qarabağ probleminin həlli üçün gücə əl atmalı olacaq: “Nikol Paşinyan hökuməti Dağlıq Qarabağ məsələsi müstəvisində Ermənistanda əvvəl mövcud olan hakimiyyətlərlə müqayisədə təbii ki, heç nə ilə yaxşı deyil. Paşinyanın sadəcə olaraq, əvvəlki iqtidarlardan fərqi ondadır ki, öncəkilər ən azından Qarabağ müharibəsini bilən adamlar idilər. 
Təbii ki, Köçəryanla Sarkisyanın əlləri qana bulaşıb və cinayətkardırlar. Amma bütün bununla yanaşı, məsələnin mahiyyətini onlar Paşinyanla müqayisədə yaxşı dərk etməyi bacarırdılar. Ən azından onlarla Azərbaycan dövlət başçısı bir masa arxasında əyləşib, müzakirə apara bilirdi. Lakin indiki iqtidar və  xüsusən hakimi-mütləq Paşinyan siyasət adamı deyil, bu istiqamətdə anlayışı kasaddır. Küçədən gəldiyindən, küçə təfəkkürü ilə də hərəkət edir. Bu baxımdan da onu ritorikası, bu gün bir, sabah isə ona zidd olan başqa bəyanatla çıxış etməsi, bir tərəfdən sülhə çağırışları, digər tərəfdən isə hərbi yönlü çağırışlarda bulunması, Qarabağın Ermənistana birləşdiriləcəyi haqqda sərsəm bəyanatlar verməsi ondan xəbər verir ki, bu adam öz-özünü idarə edə bilmir, fikirlərinə hakim deyil. Belə olacağı təqdirdə, təbii ki, Azərbaycan dövləti öz mövqeyini fərqli müstəvidə formalaşdırmağa məcburdur. Yəni Azərbaycan mövqeyini hərbi müstəvidə formalaşdırmalıdır. Azərbaycan dövləti məcburiyyət qarşısında qalıb Ermənistanla məsələni məhz hərbi müstəvidə həll etməyə gedə bilər. Bunun da səbəbkarı biz deyil, Paşinyan, onun siyasətdən anlayışının yoxluğu, eyni zamanda öz-özünü təkzib edən fərqli fikirlərə sahib olması olacaq. 
Həmçinin belə vəziyyətin yaranması səbəblərindən biri də vasitəçi dövlətlərin tutduğu mövqedir. Belə olan halda onun əziyyətini əlbəttə ki, Ermənistanın sadə insanları çəkəcək. Hansı ki, onlar əslində, Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının tərəfdarı deyil. Sadə ermənilər Azərbaycanla münasibətlərin normallaşmasını, insanların qaynayıb-qarışmasını istəyir. Çünki başa düşürlər ki, onların normal yaşayışı, Ermənistanın firavan dövlətə çevrilməsi ancaq və ancaq Azərbaycandan və Türkiyədən asılıdır. Lakin münaqişə həll olunmayınca, təbii ki, nə Azərbaycan, nə də Türkiyə Ermənistana qollarını açan deyillər. Bu amili normal düşünən ermənilər başa düşür. Paşinyan isə  hazırda elə davranışlar sərgiləyir ki, Azərbaycan məcburiyyət qarşısında artıq gücə əl atmalı olacaq. Allah ermənilərə ən azından ağıl, dərrakə verməlidir ki, bu məsələni tam anlaya bilsinlər və problem sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapsın”.
Rüfət NADİROĞLU