İLHAM ƏLİYEV: "AZƏRBAYCANIN TÜRKİYƏYƏ QOYDUĞU VƏ QOYACAĞI SƏRMAYƏ 20 MİLYARD DOLLARA BƏRABƏRDİR"

16 Sentyabr 2018 10:23 (UTC+04:00)

"Türkiyə dünya miqyasında böyük gücə çevrilib. Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaq".

“Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında deyib.

Dövlət başçısı Türkiyə böyük iqtisadi gücə sahib olduğunu bildirib: 

"Təsadüfi deyil ki, Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulur. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir. Türkiyənin dünya miqyasında çox güclü ordusu var. O dünya miqyasında ən güclü ordulardan biridir və həm Türkiyə, həm də bizim üçün bu, qürur mənbəyidir. Bütün bu uğurlar yalnız güclü liderin yorulmaz fəaliyyəti və xalqın Rəcəb Tayyib Ərdoğana olan dəstəyi nəticəsində mümkün olmuşdur. Bu gün mən Azadlıq meydanından bütün bu uğurlar münasibətilə Türkiyə Cümhuriyyətinin Prezidentini və bütün türk xalqını ürəkdən təbrik etmək istərdim".