Azərbaycan daha bir nüfuzlu beynəlxalq qurumda mühüm mövqe əldə edir

19 Sentyabr 2018 07:00 (UTC+04:00)

Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov ilə müzakirələr aparıb. Görüş zamanı Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) arasında əməkdaşlığın inkişaf etdirilməsi perpektivləri müzakirə edilib. Azərbaycanın təşkilatla əməkdaşlığı daha da inkişaf etdirmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirən nazir Elmar Məmmədyarov ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusundan müşahidəçi səviyyəsinə qaldırılmasının vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, ŞƏT regional beynəlxalq təşkilat olaraq 2001-ci il iyunun 15-də 5 ölkənin ( Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) iştirakı ilə yaranıb. Hazırda təşkilata 8 ölkə üzvdür. Bunlar Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan və Özbəkistandır. Əfqanıstan, İran, Monqolustan və Belarus müşahidəçi statusuna malikdir, Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan və Şri-Lanka isə “dialoq üzrə tərəfdaş”dırlar.  ŞƏT-in məqsədi iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsidir.Azərbaycana isə 2015-ci ilin iyulun 10-da ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib. Bəs, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin genişləndirməsi, statusunu yüksəltməsi ölkəmiz üçün nələr vəd edir? 
Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, ŞƏT-lə əməkdaşlığın yeni mərhələyə daxil olması Azərbaycanla təşkilata üzv ölkələr arasında iqtisadi əlaqələrin inkişafında mühüm addım olacaq: “Azərbaycan Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri genişlənidrmək siyasəti ümumiyyətlə, dövlətimizin çox vektorlu, balanslı və tarazlaşdırılmış  xarici siaysət kursunun məntiqindən yaranan məsələdir. Cənab İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu bu siyasətə bir yenilik gətirib, ona hücum taktikası əlavə edib. Bu səbəbdən də ölkəmiz dünyanın müxtəlif güc mərkəzləri, iqtisadi, siyasi mərkəzlərilə həm bərabər məsafədə dayanmağı, həm müstəqil xarici siyasət kursunu həyata keçirməyi bacarırıq, eyni zamanda, milli mənafeyimizi qoruya bilirik. Bu əsasda da milli maraq və ənənvi dəyərlərimizi müdafiə edirik. Bu nöqteyi-nəzərdən Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə əməkdaşlığın genişləndirilməsi, burada dialoq mərhələsindən müşahidəçi statusuna kimi əlaqələrin yüksəldilməsi təbii ki, Azərbaycanın milli maraqlarından qaynaqlanan məsələdir. 
Bilirsiniz ki, ŞƏT-də çox nəhəng dövlətlər təmsil olunur. Bu müstəvidə xüsusən də Çin Xalq Respublikasının adını çəkmək olar. Həmin təşkilata üzv dövlətlərlə əlaqələrimizin genişləndirilməsi ilk növbədə nəqliyyat dəhlizlərinin genişlənməsi baxımından əhəmiyyətlidir.  Azərbaycan artıq nəqliyyat dəhlizlərinin qovuşma mərkəzinə çevrilib. Azərbaycan artıq Avrasiyanın nəqliyyat dəhlizinin yenidən tərtib edilməsində iştirak edir. Bu fonda ŞƏT-lə əməkdaşlıq ilk növbədə həmin müstəvidə əlaqələrimizin inkişafına böyük təkan verəcək. Bütövlükdə burada söhbət  Bakı-Tiflis-Qars dəmir yolu, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərindən gedir. Təşkilara daxil olan ölkələrin iqtisadi potensialını nəzərə alsaq bu fonda əməkdaşlıq ölkəmiz üçün olduqca faydalı ola bilər”. 
E. Nəsirovun fikrincə, sözügedən qurumla əməkdaşlığın növbəti mərhələyə daxil olması ilə Qarabağ konfliktinin həlli məsələsində Azərbaycanın ŞƏT-ə üzv ölkələrdə mövqeyi daha da möhkəmlənəcək: “ İqtisadi əlaqələrin genişlənməsi nəticə etibarı ilə siyasi münasibətlərin də möhkəmləndirilməsini şərtləndirən amildir. Bu nöqteyi-nəzərdən Azərbaycanla ŞƏT arasında əlaqələrin genişlənməsi nəticə etibarı ilə Dağlıq Qarabağ konfliktinin tənzimlənməsi prosesində ölkəmizin güclü dəstək almasını şərtləndirə bilər. Azərbaycanın 2011-ci ildə 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv olması elə həmin il ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində həlledici rol oynadı. Bu mənada hesab edirəm ki, ŞƏT-lə əlaqələrimizin genişləndirilməsi, yeni mərhələyə daxil olması, Qarabağ münaqişəsinin həlli nöqteyi-nəzərindən Azərbaycanın beynəlxalq siyasi mövqeyinin möhkəmlənməsi baxımından kifayət qədər faydalı ola bilər”.
Rüfət NADİROĞLU