Azərbaycandakı sığorta şirkətlərinin reytinqini onların müştəriləri müəyyən edəcək

20 Sentyabr 2018 11:57 (UTC+04:00)

 “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin internet səhifəsində (www.asa.az) “Şirkətlər üzrə rəy” bölməsi istifadəyə verilib.

“Report” ASA-ya istinadən xəbər verir ki, bölmə istehlakçıların sığorta şirkətləri barədə həm müsbət, həm mənfi rəylərini bildirməsi üçün nəzərdə tutulub.
Həmin rəylər müvafiq qaydada araşdırılacaq və doğruluğunun təsdiq edilməsindən sonra haqqında bəhs edilən şirkətə müvafiq bal veriləcək. Bu funksiya sığorta şirkətlərinin müştərilərə göstərdikləri xidmətlər əsasında onların reytinqinin müəyyənləşdirilməsi, sığortaçılarla sığortalılar arasında yaranan mübahisələrin həllinə nail olunması, həmçinin, mənfi qiymətləndirilən halın aradan qaldırılması yolu ilə şirkətlər arasında rəqabətin artımına və beləcə, sığorta bazarının inkişafına təkan verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, ASA 2006-cı ildən fəaliyyət göstərir. Onun təsisçisi yerli sığorta bazarında fəaliyyət göstərən 20 sığorta şirkəti və 1 təkrarsığorta şirkətidir. Qurumun əsas məqsədi sığorta və təkrarsığorta şirkətlərinin, eyni zamanda, sığorta vasitəçilərinin və sığorta sahəsində yardımçı fəaliyyət göstərən, sığorta sahəsi ilə əlaqədar olan digər hüquqi şəxslərin inkişaf etməsinə köməklik göstərilməsindən ibarətdir.