"Petkim" STAR üçün II tranşı bu ayın sonuna qədər ödəyəcək

20 Sentyabr 2018 12:15 (UTC+04:00)

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim Holding" İzmirdə inşa olunan STAR Neft Emalı Zavodunda 18% dolayı yolla sahib olmaq üçün tələb olunan məbləğin II tranşını sentyabrın 30-a qədər "SOCAR Turkey Enerji" şirkətinə ödəyəcək.

“Movqe” xəbər verir ki, bu barədə “Petkim” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) məlumat yayıb.
Məlumata görə, tranşın məbləği 240 mln. ABŞ dolları təşkil edir.
"Bu il yanvarın 9-da "SOCAR Turkey Enerji A.Ş" ilə imzalanan müqaviləyə əsasən, STAR zavodunun istismara verilməsi üçün sınaq işlərinə başlanıldığına görə, nəzərdə tutulan məbləğin ikinci tranşı olan 240 mln. dolların "SOCAR Turkey Enerji"yə sentyabrın 30-a qədər ödənilməsinə qərar verilib",- məlumatda bildirilib. 
Qeyd edək ki, bu il yanvarın əvvəlində "Petkim Holding" "SOCAR Turkey Enerji A.Ş"dən "Rafineri Holding"in 30% hissəsini 720 mln. ABŞ dollarına satın almaqla bağlı saziş imzalayıb. Bu sazişlə, "Petkim" STAR-da dolayı olaraq 18% pay sahibi olur.
Müqavilədə "Petkim"in "Rafineri Holding"in 30%-i üçün 720 mln. dolları 3 bərabər hissə şəklində ödəməsi qeyd edilib. İlkin ödənişin səhmlərin alınması haqqında saziş imzalandıqda, ikinci ödənişin "STAR" neft emalı zavodunun istimara verilməsi üçün sınaq işləri başlandıqda, son ödənişin isə səhmlərin təslim tarixində ödənilməsi nəzərdə tutulub.
Müqaviləyə əsasən, "Rafineri Holding"in 30%-i 2019-cu ilin 31 martında təslim olunacaq.
Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.