Ölkəyə ABS sistemi olmayan avtomobillər gətirilməyəcək

1 May 2012 12:24 (UTC+04:00)

Bu gündən etibarən ABS tipli əyləc sistemi və təhlükəsizlik yastıqları olmayan avtomobillərin Azərbaycana idxalı və istehsalına qoyulan qadağa qüvvəyə minir.

"APA-ECONOMICS"in məlumatına görə, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş "Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası" standartının tələblərinə əsasən, sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2012-ci il mayın 1-dən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyat vasitələrində ən azı bir təhlükəsizlik yastığı (air bag) olmalıdır. Əyləc sistemi isə ABS tipli olmalıdır. Tələblər tam ötürücü transmissiyalı avtomobil nəqliyyat vasitələrinə aid deyil. Standartın bu tələblərinə cavab verməyən avtomobillərin idxalına və istehsalına müvafiq qurumlar tərəfindən icazə verilməyəcək.

Qeyd edək ki, cari ilin əvvəlinə Azərbaycanda 1 mln-dan çox avtonəqliyyat vasitəsi qeydiyyata alınıb, onlardan 400 minini və ya 40%-ni təhlükəsizlik səviyyəsi aşağı həddə olan minik avtomobilləri təşkil edib. Ötən il ölkə ərazisində baş verən yol qəzalarının sayı 2010-cu ilə nisbətən azalsa da, qəzaların 50%-dən çoxu minik avtomobilləri tərəfindən törədilib. Qəza hadisələrinin texniki baxımından təhlili göstərir ki, ağır nəticələrin əsas səbəbləri xüsusilə təhlükəsizlik yastıqlarının olmaması və əyləc yolunun uzun olması ilə bağlıdır.


Tural QABİLOĞLU