Boşanmaların sayının artması aliment problemini böyüdür
18 Aprel 2013 16:36 (UTC+04:00)
"Ölkədə boşanmaların sayının sürətlə artımı aliment problemini daha
da aktuallaşdırır. Amma bu məsələ Aliment Fondunun yaradılması ilə
öz həllini tapa bilməz. Belə bir Fondun yaradılması aliment
ödəməyən ataların üzərinə məsuliyyət qoya bilməyəcək. Bundan
sonra bir maraqlı şəxs lazımdır ki, o alimenti atadan
ala".
Bu sözləri Movqe.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət
Komitəsinin sədr müavini Musa Quliyev deyib. Millət vəkili bir
müddət öncə Aliment Fondunun yaradılması ilə bağlı təkliflər
səslənsə də, bu Fondun boşanan uşaqlı anaların aliment probleminin
həllində çıxış yolu olmadığı qənaətindədir: "Əgər ata öz övladına
aliment vermirsə deməli həmin atada övlad sevgisi, insanlıq
sevgisi yoxdur. Üstəlik bu ata məsuliyyətsizdir. Aliment
Fondu Anaya atanın əvəzinə pul ödədikdən sonra o pulu atadan necə
alıb dövlətə qaytaracaq b usual altındadır. Belə məsuliyyətsiz
insanlar öz övladlarından pullarını əsirgəyirlərsə, onları dövlətin
borcunu qaytarmağa məcbur etmək çətin olacaq. Yaxşısı budur ki,
alimentdən işsizlik bəhanəsi ilə yayınan atalara iş verilsin və
onlar aliment ödəməyə məcbur edilsin".
M. Quliyev deyir ki, Aliment Fondunun alimentdən yayınan ataların
əvəzinə pul ödəməsi, əksinə süni olaraq boşanma hallarının da
sayını artıra bilər: "Rayon yerlərində elə ailələr var ki, ailə
başçısı işləmir. Bu Fondun yaradılmasından sonra ailə kağız üstündə
ayrıla bilər, ata gedib otura bilər Rusiyada. Belə halda ailə
dolanışığını Aliment Fondundan ödənilən məbləğlə keçirə bilər".
Millət vəkili deyir ki, Azərbaycanda qanunvericilik
mentalitetə bağlı olduğundan, nikah pozularkən uşaq ananın
himayəsində qalır: "Bu isə ata tərəfindən aliment ödənilməsi ilə
bağlı problemlərin sayını artırır. Əslində uşaq onu saxlamaq imkanı
olan şəxsə, işləyən şəxsə verilməlidir ki, bu cür problemlər
yaranmasın".
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə,
Azərbaycanda boşanmaların sayı artıb və hər 6-7 nikaha bir boşanma
faktı düşür. Məlumata görə, Azərbaycanda bu ilin ilk 3 ayı ərzində
2,8 min boşanma qeydə alınıb ki, bu da evlənənlərin 17,4 faizinə
bərabərdir. Belə ki, ilin əvvəlindən rəsmi orqanlar tərəfindən 16,1
min nikah qeydə alınıb. Əhalinin hər 1000 nəfəri hesabı ilə 2012-ci
ilə nisbətən nikahların sayı 6,4-dən 7,1-ə qədər, boşanmaların sayı
isə 1,1-dən 1,2-yə qədər artıb.