"Milli Məclisdə istər plenar iclaslar, istərsə də komitə iclasları kifayət qədər açıq və şəffaf keçirilir"

3 Oktyabr 2018 12:30 (UTC+04:00)

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Milli Məclisdə istər plenar iclaslar, istərsə də komitə iclasları kifayət qədər açıq və şəffaf keçirilir:

 

"Mən hələ bu vaxta qədər rastlaşmamışam ki, hansısa deputatın sözünü kimsə kəssin. Milli Məclisdə istənilən millət vəkili istədiyi problemi qaldıra bilir və hamı bunu dinləyir, rəhbərlikdən heç bir etirazla qarşılanmır və millət vəkilinin sözü kəsilmir. Bütün bunlarla bağlı Azərbaycan cəmiyyətinə doğru informasiya vermək lazımdır".

Ə.Amaşov vurğulayıb ki, istər sosial şəbəkələrdə, istər ayrı-ayrı müəlliflərin yazılarında Milli Məclislə bağlı dolğun məlumatlar Azərbaycan cəmiyyətinə çatdırılmır: "Mən istərdim ki, Milli Məclis ilə Mətbuat Şurası arasında əməkdaşlıqdan istifadə edərək Azərbaycan mediası Milli Məclislə əlaqələri daha da möhkəmləndirməli və Milli Məclisin doğurdan da nəyə qadır olduğunu Azərbaycan cəmiyyətinə çatdırmalıdır".